newsPhoto

Dövlət Miqrasiya Xidmətində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi Yohannes van der Klauv  ilə görüşüb. 

Xidmət rəisi Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında qurulan sıx əməkdaşlıq əlaqələrinin inkişafı və bir sıra layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti barədə söhbət açıb. Bildirib ki, Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası,  o cümlədən “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) layihəsi çərçivəsində əldə edilən nailiyyətlər qurumlar arasında güclənən səmərəli əməkdaşlığın göstəricisidir. Firudin Nəbiyev qeyd edib ki, müasir dünyada qaçqınların və sığınacaq axtaranların, məcburi köçkünlərin, həmçinin miqrantların problemlərinin həll edilməsində dövlətlər və BMT-nin müvafiq mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüşdə Xidmət rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illər əldə etdiyi sürətli inkişaf, beynəlxalq aləmdə qazandığı uğurlar, ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən məqsədyönlü işləri diqqətə çatdırıb. Vurğulayıb ki, müstəqilliyinin ilk illərində ərazisinin 20 faizindən çoxunun Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan Azərbaycan bu böhranın öhdəsindən demək olar ki, təkbaşına gəldi. Amma BMT-nin qətnamələrinə məhəl qoymayan Ermənistanın qeyri konstruktivliyi ucbatından münaqişə bu gün də davam edir, Azərbaycan əraziləri işğal altında saxlanılır və həmin şəxslər öz yurdlarına qayıda bilmirlər.

F.Nəbiyev əlavə edib ki, ölkəmizə qaçqın statusu almaq, sığınacaq axtarmaq məqsədilə pənah gətirən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə, onların ailə üzvlərinə hər zaman diqqət və qayğı göstərilir. Bu fakt müharibə şəraitində yaşayan Azərbaycan dövlətinin həm öz vətəndaşlarının, həm də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  hüquqlarının qorunmasına həssas yanaşdığının və ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsinin göstəricisidir.

Bu ilin yanvarında respublikamıza səfərini xatırladan Yohannes van der Klauv  qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirib. O, vətəndaşsızlıq hallarının aradan qaldırılması, qaçqın statusu almış şəxslərin cəmiyyətə uğurlu inteqrasiyası istiqamətində BMT QAK ilə DMX-nin birgə fəaliyyətinin bundan sonra da müvəffəqiyyətlə davam etdirməsinin zəruriliyinə toxunub.

Qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyin ifadə edildiyi görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelis iştirak edib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur