newsPhoto

Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş olub

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Müdafiə İşləri üzrə Kordinatoru Byorn Ram və qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Ajmone Sessera ilə görüşüb.

Görüşdə BQXK və DMX arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, bu qurumun həyata keçirdiyi layihələr, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

F.Nəbiyev bildirib ki, son 14 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. İndiyə qədər Azərbaycanda dini, milli, irqi zəmində heç bir hadisə qeydə alınmayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandan başqa dövlətlərə gedənlər  belə indi ölkəyə qayıdırlar.

Xidmət rəisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında da qonaqlara geniş məlumat verib. Ermənistanın qeyri-konstruktivliyi ucbatından münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığına diqqət çəkib. 1 milyon 200 min soydaşımızın hələ də məcburi qaçqın və köçkün həyatı yaşadığını bildirib.

Qarşılıqlı dialoq şəraitində keçən görüşdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdlarını və yaxınlarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı rejim tərəfindən barələrində «hökm» çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə toxunulub.

Xidmət rəisi BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı qəbul etdiyi dörd qətnamənin icra edilmədiyini xatırladıb.

F.Nəbiyev qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən görülmüş işlərdən danışıb. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı ölkəmizin çox böyük təcrübəsi olduğunu xatırladıb.

Görüşdə dünyada baş verən qlobal miqrasiya böhranı, bu böhranın həllində beynəlxalq əməkdaşlığın önəmi vurğulanıb. Həssas qrupa aid olan şəxslərin problemlərinin həlli istiqamətində beynəlxalq təşkilatlarla əlaqələr və həyata keçirilən birgə tədbirlər barədə danışan Xidmət rəisi bildirib ki, ötən müddətdə ölkəmizdə sığınacaq sistemlərinin keyfiyyətinin artırılması ilə bağlı əsaslı işlər görülüb. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə hüquq və azadlıqlarını sərbəst həyata keçirmələri üçün lazımi şərait yaradılıb. Bununla belə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının məktəbəqədər və ya ümumi təhsil müəssisələrində təhsil almalarına, lazımi tibbi və hüquqi yardım almalarına aidiyyəti dövlət orqanları ilə birgə kömək göstərilir.

Azərbaycanın miqrasiya qanunverciliyindən bəhs edən F.Nəbiyev Miqrasiya Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və yaşaması, iş icazəsinin verilməsi ilə bağlı  prosedurların sadələşdirildiyini konkret faktlarla diqqətə çatdırıb. Məcəlləyə uyğun olaraq qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış şəxslərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması tələb olunmur. Bununla belə, qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən və qaçqın statusu alan şəxslər Xidmətin müasir standartlara cavab verən qanunsuz miqrantların saxlanılması mərkəzlərinə könüllü yerləşdirilirlər. Bütün bunlar Azərbaycan dövlətinin humanist mahiyyətinin əyani nümunəsidir. Xidmət rəisi onu da əlavə edib ki, mərkəzlərin qapısı ordakı şəraitlə tanış olmaq üçün bütün beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin üzünə açıqdır.

DMX-nin BQXK və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Xidmət rəisi əlaqələrin genişləndirilməsi ilə bağlı addımların atılmasının önəmini vurğulayıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə 2013-cü ildə imzalanmış Razılaşmanı qeyd edib.

Ətraflı məlumata görə minnətdarlıqlarını bildirən qonaqlar BQXK və qurumun Azərbaycan Respublikasındakı fəaliyyəti haqqında məlumat verib, əsirlərlə, itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər, cəbhəyanı bölgələrdə yaşayan əhaliyə verilən dəstək barədə söhbət açıblar. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib, ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur