newsPhoto

Dövlət Miqrasiya Xidməti və Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu növbəti biznes - forum təşkil edib

Mayın 24-də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin iştirakı ilə biznes - forum təşkil edib. Biznes - forumda Azərbaycanın miqrasiya siyasətinin başlıca aspektləri müzakirə olunub.

Tədbirdə çıxış edən Firudin Nəbiyev bildirib ki, daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanuna müvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması ilə bağlı Prezident İlham Əliyevin müəyyən etdiyi məqsədə uyğun olaraq əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyənləşdirilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Xatırladaq ki, əmək miqrasiyası kvotası  hər il növbəti ilin başlanmasına 3 ay qalmış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Xidmət rəisi əlavə edib ki, eyni zamanda, miqrasiya sahəsində dövlət siyasətini, o cümlədən miqrasiya proseslərinə dövlət nəzarətini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin iştirakı ilə 2013-cü ildə imzalanmış neft-qaz layihələrində milliləşdirilmə sahəsində əməkdaşlığa dair protokola uyğun olaraq əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilib. Qeyd olunanlar nəzərə alınaraq, işəgötürənlər tərəfindən işçi qüvvəsinə olan tələbatın ödənilməsi üçün yerli əmək ehtiyatlarından daha geniş və səmərəli istifadə olunmasına şərait yaradılmalıdır.

F.Nəbiyev vurğulayıb: “hazırda, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi, əlverişli biznes və investisiya mühitinin formalaşdığı bir vaxtda Dövlət Miqrasiya Xidməti də qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin tərəfdarıdır. Bununla bağlı Xidmət tərəfindən hər zaman özəl və biznes sektora diqqət göstərilir, Xidmət  rəhbərliyinin iştirakı ilə sahibkarlarla çoxsaylı görüşlər keçirilir, onları maraqlandıran məsələlərin mümkün qədər tez həll edilməsi üçün qanunauyğun iş aparılır”.

Xidmət rəisi deyib ki, bununla belə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi və Şuranın Əsasnaməsi təsdiq edilib. Təqdirəlayiq haldır ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən Xidmətə hər hansı şikayət daxil olmayıb.

F.Nəbiyev onu da diqqətə çatdırıb ki, hazırda, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olma, xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini, o cümlədən  Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutması əsası ilə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə Xidmətə müraciətlər daxil olur. Daxil olmuş müraciətlərin araşdırılması zamanı müvafiq əsasın olmadığı və bəzi hallarda qanunsuz miqrasiya hallarına rast gəlinir.  Bu kimi hallar təəssüf doğurur. Sahibkarlar dövlət başçısının onlara diqqət və qayğısına adekvat münasibət göstərməli, qanunlara riayət etməlidirlər.

Görüşdə biznes forum iştirakçılarının təklifləri, eləcə də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzv şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub. Biznes - forum çərçivəsində şirkətlər Azərbaycanın miqrasiya siyasəti ilə bağlı onları maraqlandıran suallara cavab tapıblar.

Tədbirdə Firudin Nəbiyevə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvlük sertifikatı təqdim olunub.

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev görüşə, o cümlədən tədbir zamanı klubun üzvləri tərəfindən səsləndirilən təkliflərə göstərilən diqqətə görə Firudin Nəbiyevə minnətdarlığını bildirib. T.Əliyev Klubun 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını və onun sədrinin Prezident İlham Əliyev olduğunu vurğulayıb. Bildirib ki, təsis olunduğu ilk gündən Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən Klub dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Biznes forumda şirkət rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur