newsPhoto

“Vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda maarifləndirilmə  tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının  inzibati binasında Ağsu regional miqrasiya idarəsi tərəfindən “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda maarifləndirilmə tədbiri keçirilib. Tədbirdə rayonun inzibati ərazi nümayəndələri və bələdiyyə üzvləri, təhsil işçiləri və ictimaiyyət təmsilçiləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Görüşdə bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.

Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyətindən, qarşıda duran vəzifələrdən, vətəndaşsızlıq hallarının aradan qaldırılmasından bəhs olunan tədbirdə qeyd edilib ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib və həmin dövrdən etibarən Xidmət tərəfindən Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılıb. 

Məlumat verilib ki, vətəndaşsızlıq halları ilə mübarizə, həmçinin belə şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq hallarının aradan qaldırılması sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ölkənin bütün regionları üzrə müvafiq işlər görür.

Tədbirdə vətəndaşlıq haqqında Qanunun tələbləri, vətəndaşlığın itirilməsi halları, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı prosedurları barədə də izahedici söhbət aparılıb.

Sonda  əsasən vətəndaşlıq məsələləri və olduğu yer üzrə qeydiyyatla bağlı iştirakçıları maraqlandıran suallar qanunvericiliyə uyğun olaraq cavablandırılıb.  

Bundan əlavə, elə həmin gün Göyçayda DMX tərəfindən səyyar xidmət də təşkil edilib. Müraciət edənlərə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi, müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı tələb edilən sənədlərin siyahısı verilib, eyni zamanda əcnəbilərə müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri təqdim edilib.

Göyçay rayon rəhbərliyi və tədbir iştirakçıları Dövlət Miqrasiya Xidməti tərəfindən belə bir maarifləndirmə tədbirinin təşkilini təqdirəlayiq hal kimi qiymətləndirib və minnətdarlıqlarını bildiriblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur