newsPhoto

Şəkidə turizm obyektlərinin nümayəndələri üçün miqrasiya  qanunvericiliyinə dair  seminar keçirilib

Dövlət Miqrasiya Xidməti “Sheki Palace” hoteldə Şəki regional miqrasiya idarəsinin xidməti ərazisində yerləşən turizm obyektlərinin nümayəndələri üçün miqrasiya  qanunvericiliyinə dair  seminar keçirib.

Seminarda ölkəmizin sosial-iqtisadi inkişafı, turizm potensialı barədə geniş söhbət açılıb. Bildirilib ki, müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Ona görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə  turizmin inkişafı ilə əlaqədar aparılan əhəmiyyətli islahatlar, qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası, yaradılan müasir infrastruktur  paytaxtla yanaşı, bölgələrdə  də  turizm  sənayesini  yeni inkişaf mərhələsinə  çıxarıb. İndi respublikamızda sabitlik, təhlükəsizlik yüksək səviyyədə qorunur. Həmçinin dünyanın  məşhur otel brendləri Bakıda və regionlarda fəaliyyət göstərir. Bütün bunlar Azərbaycana gələn turistlərin sayının əhəmiyyətli dərəcədə artmasına  səbəb olub. Turistlərin rahatlıqlarının və təhlükəsizliklərinin təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritetlərindəndir. Bu baxımdan ölkəmizə təşrif buyuran əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduqları yer üzrə qeydiyyatları mütləq təmin olunmalıdır.

Miqrasiya Məcəlləsinə əsasən 10 gündən artıq ölkədə qalmaq istəyən hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin DMX-də 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməsini qəbul edən tərəf təmin etməlidir. Həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs özü də qanunvericiliyin tələbinə uyğun olaraq olduğu yer üzrə qeydiyyata düşmək üçün müraciət edə bilər. Müraciətlər Xidmətə və onun regional idarələrinə birbaşa və ya elektron qaydada həyata keçirilir. DMX-nin əməkdaşları qanunvericiliyin tələblərinə əməl edilməsinə, eləcə də turistlərin sonradan heç bir çətinliklə üzləşməmələrinə görə turizm obyektlərinin nümayəndələri ilə miqrasiya  qanunvericiliyinə dair ətraflı izahedici söhbət aparıblar.

Seminarda “Olduğu yer üzrə elektron formada qeydiyyatla bağlı müraciətlərin edilməsi qaydaları” mövzusunda məruzə dinlənilib və prosedurların izahlı videotəlimat vasitəsi ilə əyani şəkildə geniş təqdimatı olub. Eyni zamanda həmin videotəlimatın diski  hər bir turizm obyektinin nümayəndəsinə verilib.

Sonra regional miqrasiya idarəsinin əməkdaşı əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunma qaydaları və əmək miqrasiyası kvotası barədə çıxış edib.

Seminarda iştirakçıların sualları cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur