AZƏRBAYCAN RESPUBLİKASI

DÖVLƏT MİQRASİYA XİDMƏTİ

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 19 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanına əsasən yaradılmışdır.

Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

Dövlət Miqrasiya Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

  • miqrasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini işləyib hazırlamaq, aidiyyəti dövlət orqanlarının iştirakı ilə onların həyata keçirilməsini təmin etmək;
  • əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri (bundan sonra - əcnəbi) olduğu yer üzrə qeydiyyata almaq, Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələlərini həll etmək;
  • əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vermək;
  • əcnəbilərə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrini vermək;
  • Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərində iştirak etmək;
  • şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək;
  • Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə bağlı məsələlərdə iştirak etmək;
  • qaçqın (sığınacaq axtaran) statusunu və bu statusu təsdiq edən sənədi vermək;
  • qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı müvafiq tədbirlər həyata keçirmək;
  • Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsini və saxlanılmasını təmin etmək;
  • miqrasiya qanunvericiliyi ilə bağlı maarifləndirmə tədbirlərini həyata keçirmək;
  • xarici ölkələrə müvəqqəti və ya daimi köçən Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparmaq, onların hüquq və mənafelərinin təmin edilməsi üzrə aidiyyəti dövlət orqanları ilə birlikdə xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlıq etmək, xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının dəstəklənməsinə yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
  • “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə" ilə, o cümlədən fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Azərbaycan Respublikası ərazisində əcnəbilərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarını zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə  Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi mövcuddur.

Dövlət Miqrasiya Xidmətinin 24 saat fasiləsiz Çağrı Mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı, Dövlət Miqrasiya Xidməti 20 istiqamət üzrə elektron xidmətlər göstərir. 

Dövlət Miqrasiya Xidmətinin strukturuna aparatla yanaşı, 8 regional miqrasiya idarəsi 2 regional miqrasiya baş idarəsi, 7 regional miqrasiya idarəsi, 2 qanunsuz miqrantların saxlanılması mərkəzi, Təlim-tədris mərkəzi və tibb müəssisəsi daxildir. Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid sisteminə daxildir.

Bundan əlavə, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən beynəlxalq hava limanlarında Dövlət Miqrasiya Xidmətinin bölmələri fəaliyyət göstərir.

Eyni zamanda, Dövlət Miqrasiya Xidməti tərəfindən bütün “ASAN Xidmət” mərkəzlərində də müvafiq xidmətlər göstərilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur