Vizanın anlayışı, kateqoriya, məqsəd və növləri
Anlayışı
Viza - ölkəyə viza tələb olunan qaydada gələn əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir.
Kateqoriyaları
Vizanın - diplomatik, xidməti və adi olmaqla - üç kateqoriyası vardır.
Növləri
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan -giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:
- Giriş vizası – bu növ vizanın etibarlıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək müəyyən olunur.
- Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
- Bir və ya ikidəfəlik tranzit vizası– üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Məqsədləri
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı məqsədlərlə ölkəyə gələrsə adi kateqoriyalı giriş vizası əldə edə bilərlər:
- Işgüzar
- Elm və təhsil
- əmək
- turizm
- mədəniyyət və idman
- humanitar
- şəxsi səfər
- müalicə
Yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya xidməti kateqoriyalı giriş vizası verilir.
Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
I QRUP.
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.
Qeyd: Bir sıra ölkələr tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində müvafiq pasportlar üzrə mövcud olan vizasız gediş-gəliş rejiminin müvəqqəti dayandırılma və ya məhdudlaşdırılma halları mövcuddur. Bu xüsusda, müvafiq pasporta sahib Azərbaycan Respublikası vətəndaşlarına xarici ölkələrə səfər etmədən öncə həmin ölkə tərəfindən tətbiq olunan giriş-çıxış və viza qaydalarının dəqiqləşdirilməsini tövsiyə edirik.
II QRUP.
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;
- həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;
- Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;
- pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - “Qayıdış şəhadətnaməsi”nə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.
№ | Ölkənin adı | İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən müddət |
1 | Belarus | 90 gün |
2 | Gürcüstan | 90 gün |
3 | Qazaxıstan | 90 gün |
4 | Qırğızıstan | 90 gün |
5 | Moldova | 90 gün |
7 | Özbəkistan | 90 gün |
8 | Rusiya Federasiyası | 90 gün |
9 | Tacikistan | 90 gün |
10 | Ukrayna | 90 gün |
11 | Türkiyə | 90 gün |
12 | Qətər | 30 gün
Qeyd: təhsil və ya əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyən Qətər Dövləti vətəndaşları Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən öncədən viza əldə etməlidir. |
III QRUP
Bundan əlavə, hazırda aşağıda qeyd edilən ölkələr tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:
№ | Ölkənin adı | Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət |
1 | İran | 15 gün |
2 | Serbiya | 90 gün |
4 | Monteneqro | 90 gün |
5 | Bosniya və Herseqovina | 90 gün |
6 |
Honq-Konq (Çinin Xüsusi inzibati ərazisi – yalnız diplomatik və xidməti pasport) |
14 gün |
7 |
Malayziya (ümumvətəndaş, diplomatik, xidməti pasport) |
30 gün |
8 |
Livan ümumvətəndaş diplomatik xidməti |
30 gün 180 gün 90 gün |
- ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.
-
Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsi imkanı təmin edilmişdir. Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.
-
2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
-
Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.
Elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir.
Elektron viza veriləcək ölkələrin siyahısı
Bir sıra xarici dövlətlərin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi ilə bağlı məlumat
№ | Ölkənin adı | Rəsmiləşdirilən vizanın müddəti |
1 | Oman | 30 gün |
2 | Səudiyyə Ərəbistanı Krallığı | 30 gün |
3 | Bəhreyn | 30 gün |
4 | Küveyt | 30 gün |
5 | Yaponiya | 30 gün |
6 | İndoneziya | 30 gün |
7 | İran İslam Respublikası | 30 gün |
8 | Çin Xalq Respublikası | 30 gün |
9 | Koreya Respublikası | 30 gün |
10 | Malayziya | 30 gün |
11 | Sinqapur | 30 gün |
12 | İsrail | 30 gün |
13 | Birləşmiş Ərəb Əmirlikləri | 30 gün |
Qeyd: Birləşmiş Ərəb Əmirliklərində rezident vizası almış şəxslərə Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilir.
Qeyd: Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına Heydər Əliyev beynəlxalq hava limanında 30 (otuz) günlük viza rəsmiləşdirilir.