Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.5.-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Dövlət Miqrasiya Xidmətinin, Ədliyyə Nazirliyinin və Təhsil Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.
Komissiyada verilən suallar əsasən aşağıdakı mövzuları əhatə edir:
- Azərbaycan Respublikasının dövlət dili;
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gələ, Azərbaycan Respublikasında qala və Azərbaycan Respublikasından gedə bilmələri üçün əməl etməli olduqları qaydalar;
- Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verildiyi hallar;
- Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 74-cü, 75-ci, 76-cı maddələrində nəzərdə tutulmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri;
- Azərbaycan Respublikasının müasir tarixi və mədəniyyəti.