Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsinə və ya qəsdən korlanmasına görə otuz manat miqdarında cərimə edilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikası ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:
-
Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına;
-
etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına;
-
Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına;
-
iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına;
-
bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsinə;
-
ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;
-
Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.
Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış və girişinə müəyyən müddətə məhdudiyyət qoyulmuş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin həmin müddət ərzində bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər beş yüz manat məbləğində cərimə edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindənAzərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir.
İşəgötürənin işə cəlb etdiyi əcnəbini və vətəndaşlığı olmayan şəxsi öz iş yerindən kənarda işlə təmin etməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.
İşə cəlb edilən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin işəgötürən tərəfindən götürülərək saxlanılmasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə və belə icazənin yenidən rəsmiləşdirilməməsinə və ya ləğv edilməsi üçün ərizə təqdim edilməməsinə görə vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.
Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir:
- barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə;
- barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə;
- Azərbaycan Respublikasında doğulmuş şəxslərə;
- valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə;
- qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə;
- himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya I qrup əlili olan şəxslərə;
- məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Məcəllənin 52.1-52.2-ci maddələri arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq edilir.(3, 86)
Qanunsuz miqrasiyanın təşkili
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə —
-
- iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər:
- mütəşəkkil dəstə tərəfindən törədildikdə;
- vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
- təkrar törədildikdə;
- insan həyatı üçün təhlükəli üsulla törədildikdə —
-
- iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (86)
(İbtidai istintaq prokurorluq tərəfindən aparılır)
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı (Dövlət Miqrasiya Xidməti) tərəfindən icra edilir.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində təyin edilmiş əsas cəzanı icra edən orqan və ya müəssisə müəyyən edilmiş əsas cəza müddətinin bitməsinə iki ay qalmış, əsas cəza növü kimi cərimə cəzası təyin edildikdə isə cəzanın icraya yönəldilməsinə dair göstəriş daxil olduqdan dərhal sonra əlavə cəzanı icra edən orqana müvafiq hökmün surətini, məhkum, onun mənsub olduğu dövlət, cəzanın icrası (cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri, vaxtından əvvəl azad edilməsi və digər), cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi vəziyyəti barədə məlumatları təqdim edir.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əsas cəzasını çəkib qurtardığı və ya müəyyən olunmuş qaydada cəzadan azad olunduğu gün əsas cəzanı icra edən orqan və ya müəssisənin nümayəndəsinin müşayiəti ilə əlavə cəzanı icra edən orqana təhvil verilir.
Şəxsiyyətini təsdiq edən sənədi olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əlavə cəzanı icra edən orqana əsas cəzanı icra edən orqan və ya müəssisə tərəfindən təqdim olunan azadetmə haqqında fotoşəkilli arayış əsasında təhvil verilir.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum edilmiş şəxsin şəxsiyyətinin dəqiqləşdirilməsinə ehtiyac yarandıqda, əsas cəzanı icra edən müəssisə və ya orqan tərəfindən verilən məlumat əsasında əlavə cəzanı icra edən orqan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq tədbirlər görür.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzaya məhkum olunmuş şəxslər 48 saat ərzində Azərbaycan Respublikasının ərazisindən çıxarılmalıdır. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiqi ilə bağlı sənədləşmə yubandıqda və ya çıxarılma haqqında qərarın vaxtında icrasına mane olan digər üzrlü səbəb olduqda şəxsin saxlandığı yer üzrə birinci instansiya məhkəməsi həmin cəzanı icra edən orqanın əsaslandırılmış təqdimatı əsasında çıxarılma müddətinin uzadılması məsələsinə baxır.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının icrasından yayınmaqla hökmün icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsas olduqda, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada tutulur və hökmün icrası təmin edilir.[126]
Bu Məcəllənin 166.7-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Miqrasiya Xidməti) qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.[127]
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılan şəxs barədə cəzanı icra edən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına (Dövlət Sərhəd Xidməti) əvvəlcədən yazılı məlumatlar göndərilir. Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılarkən, Azərbaycan Respublikasının sərhəd nəzarət məntəqələrinədək cəzanı icra edən orqanın əməkdaşları tərəfindən müşayiət olunur və dövlət sərhədinin buraxılış məntəqələrində müvafiq icra hakimiyyəti orqanının (Dövlət Sərhəd Xidməti) əməkdaşlarına təhvil verilir.
Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini məhkumun özü və ya onun mənsub olduğu dövlətin diplomatik və konsulluq nümayəndəlikləri ödəyirlər. Göstərilən qaydada ödəmənin mümkün olmadığı hallarda məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Dövlət Miqrasiya Xidməti) ödəyir.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiqindən irəli gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq həll edilir.
Cəza çəkməkdən azad edilmiş şəxslərin hüquqi vəziyyəti
Cəza çəkməkdən azad edilmiş şəxslər məhkumluğu olan şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
Məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə cəzanı icra edən orqan həmin şəxslərin Azərbaycan Respublikası ərazisində olmalarının hüquqi əsaslarını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına (Dövlət Miqrasiya Xidməti) məlumat verir. Bu məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı (Dövlət Miqrasiya Xidməti) həmin şəxslərin Azərbaycan Respublikasında qalması və ya Azərbaycan Respublikasının ərazisindən kənara çıxarılması məsələsini həll edir. (28)