Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər.

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:

  • Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
  • Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
  • xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
  • tranzit keçid zamanı əcnəbi Azərbaycan Respublikasının ərazisində məcburi dayandıqda.
  • Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda.

 

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır və müvafiq qərar qəbul edilir.

 

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti     olma müddəti  60 günədək  uzadıla bilər.

 

Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  pasportlarının  və  ya  digər sərhədkeçmə  sənədlərinin  etibarlılıq  müddətlərinin  bitməsinə  1  aydan  az  vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.

 

Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və müvəqqəti  olma  müddətinin  uzadılması  haqqında  qərarı  təqdim  edərək,  dövlət sərhədinin  buraxılış  məntəqələrindən  keçməklə,  ölkəni  tərk  edə  bilərlər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur