“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin kollektivinin professional inkişafı və bacarıqlarının artırılmasına və miqrasiya haqqında cari qanunvericiliyin Avropa İttifaqı (Aİ) standartlarına uyğunlaşdırılmasına dəstək” Tvinninq layihəsi (2013-2015)
Avropa Komissiyasının təşəbbüsü olan Tvinninq proqramına 1998-ci ildə Avropa İttifaqının (Aİ) genişlənməsinə hazırlıq kontekstində başlanılmışdır. Tvinninq Aİ qanunvericiliyi ilə bağlı uzunmüddətli alət olaraq 2006-cı ildən bəri Azərbaycanda tətbiq olunur.
Layihənin ümumi məqsədi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və fundamental azadlıqlarını qoruyan beynəlxalq öhdəliklərə uyğun olaraq qanunsuz miqrasiyanın azaldılması və tədricən aradan qaldırılmasına yönəlmiş dövlət siyasətinin hazırlanması və icra edilməsi üçün Azərbaycan Respublikasına dəstək verilməsi olmuşdur. 5 aprel 2013-cü il tarixdə layihənin rəsmi açılışı olmuş və Rəhbər Komitənin ilk iclası keçirilmişdir. Layihə çərçivəsində Rəhbər Komitənin 8 iclası keçirilmiş və icrası 2015-ci ilin mart ayında tamamlanmışdır.
Aİ tərəfindən maliyyələşdirilən layihənin icraçı agentlikləri Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti (əsas icraçı), İmmiqrasiya və Naturalizasiya Xidməti, Latviya Respublikasının Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi, Rumıniyanın İmmiqrasiya Baş Direktorluğu olmuşdur. Büdcəsi 1.050.000 avro müəyyən edilmişdir. Layihə dövrü ərzində Aİ-yə üzv olan Niderland Krallığı, Latviya və Rumıniya Respublikalarının miqrasiya sahəsində fəaliyyət göstərən aidiyyəti qurumları ilə 4 komponent üzrə birgə 53 tədbir həyata keçirilmişdir. Bura təlimlər, seminarlar, təlim səfərləri, rüblük rəhbər görüşləri və digər tədbirlər aiddir.
Layihə aşağıdakı 4 komponentdən ibarət olmuşdur:
- Miqrasiya sahəsində qanunverciliyin Avropa İttifaqı qanunverciliyinə uyğunlaşdırılması;
- Sistematik təhlil yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması;
- Təlimlər vasitəsilə peşəkar bacarıqların artırılması;
- İctimaiyyətlə əlaqələrin daha təkmil metodlarla qurulması, məlumatlandırma və maarifləndirmə kampaniyalarının aparılması bacarıqlarının yaradılması.
Layihənin mövcud komponentləri çərçivəsində aşağıdakı nəticələr əldə olunmuşdur:
- Azərbaycan Respublikasının miqrasiya sahəsindəki qanunvericiliyi təhlil edilərək “Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi”nə əlavə və dəyişikliklərin layihəsi hazırlanmışdır;
- “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanılması qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu”nun layihəsi hazırlanmışdır;
- Qanunsuz miqrasiyaya qarşı mübarizə və onun qarşısının alınması məqsədilə institutlararası mexanizmin gələcək modelinin və fəaliyyət planının layihəsi hazırlanmışdır;
- Miqrasiya orqanlarında işə qəbul prosesi, əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi mexanizmi və işçilərin mövcud vəzifə təlimatları təkmilləşdirilmiş və təlim ehtiyacları müəyyənləşdirilmişdir;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılmaları məqsədilə maarifləndirmə xarakterli flayerlər, broşuralar, yaddaş vərəqələri, video-çarx və slaydlar hazırlanmışdır.n m alətləri