1. “Azərbaycanda Miqrasiya üzrə Regional Mərkəzin yaradılmasına dəstək” layihəsi

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü əsasında Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq çərçivəsində hazırlanmış və BMqT-nin İnkişaf Fondunun maliyyələşdirdiyi “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsinin icrasına 01 noyabr 2020-ci il tarixdən başlanılmışdır.

Adıçəkilən layihənin əsas məqsədi Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması vasitəsilə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan eskpertləri cəlb etməklə regionda miqrasiya sahəsində təlim və təhsil prosesinə, eləcə də bu sahə üzrə mütəxəssislərin hazırlanması işinin təkmilləşdirilməsinə töhfə verməkdir. Bu məqsədlə layihə çərçivəsində miqrasiyanın müxtəlif istiqamətləri üzrə beynəlxalq tələblərə cavab verən xüsusi təlim proqramlarının hazırlanması, təlimçilərin yetişdirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan müasir proqram təminatlarından təlim prosesində istifadə olunması üçün imkanların yaradılması nəzərdə tutulmuşdur. Azərbaycanın qonşu ölkələrinə, habelə Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şərq Tərəfdaşlığı ölkələrinə xidmət edəcək Mərkəzin regionda miqrasiya sahəsində müasir dövrün tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislərin hazırlandığı təlim müəssisəsi olması planlaşdırılmışdır.

25-27 may 2021-ci il tarixlərdə Miqrasiya üzrə Regional Təlim Mərkəzində Azərbaycanın qonşu dövlətlərinin, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrinin aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Miqrasiya sahəsində əsas konsepsiyalar və tendensiyalar” mövzusunda ilk onlayn təlim təşkil edilmişdir. Layihə çərçivəsində keçirilən 3 günlük təlimdə 10 ölkənin miqrasiya sahəsinə məsul qurumlarının əməkdaşları iştirak etmişdir.

2. “Azərbaycanda Readmissiya İdarəçiliyinin Gücləndirilməsi” layihəsi

BMqT tərəfindən icra olunan və Dövlət Miqrasiya Xidmətinin əsas benefisiarı olduğu layihənin icrasına 01 may 2020-ci il tarixdə başlanılmışdır. 18 ay davam edəcək layihə çərçivəsində EURCAP fondunun Azərbaycana göstərəcəyi dəstəyə əsasən Elektron Readmissiya Sənəd İdarəetmə Sisteminin (ERCMS) yaradılması, potensialların artırılması və readmissiya olunmuş Azərbaycan vətəndaşlarına dair statistik hesabatların hazırlanması nəzərdə tutulur.

EURCAP ümumilikdə qayıdışla bağlı BMqT-nin nəzdində Avropa İttifaqının müştərək maliyyə dəstəyi fəaliyyət göstərən bir fonddur. EURCAP əsasən qayıdışla bağlı Aİ-nin üzv dövlətlərində dövlət institutları ilə çalışır. 2019-cu ildən etibarən Azərbaycan EURCAP-ın tərəfdaş ölkələri sırasına daxil edilmişdir.

21 yanvar 2021-ci il tarixdə ERCMS sisteminin demo versiyası nümayiş etdirilmiş, 27 və 29 yanvar 2021-ci il tarixlərdə layihənin İdarə Heyətinin görüşləri keçirilmişdir.

3. “Azərbaycanda beynəlxalq qabaqcıl təcrübə və standartlar əsasında sərnişin və sənədləşmə əməliyyatları üzrə bacarıqların artırılması” layihəsi

Dövlət Miqrasiya Xidmətinin də benefisiarı olduğu və 24 ay müddətində həyata keçiriləcək layihənin icrasına 2019-cu ilin 1 sentyabr tarixindən başlanılmışdır. Layihənin əsas məqsədi Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun Sərnişin haqda Öncədən Məlumatlanma (API) və Sərnişin Adlarının Siyahısı (PNR) sistemləri ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının məlumatlılığının artırılmasından ibarətdir. Layihə çərçivəsində hökumətlərarası işçi qrupunun yaradılması, qeyd edilən sistemlər barədə təlimlərin və təcrübə səfərlərinin təşkili, Azərbaycanda bu sistemlərin tətbiqi üçün hüquqi bazanın və texniki imkanların qiymətləndirilməsi və nəticədə sistemlərə uğurlu keçidin təmin edilməsi nəzərdə tutulmuşdur.

BMqT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən və büdcəsi 200.000 ABŞ dolları təşkil edilən layihənin benefisiarları Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə yanaşı, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və hava yolları şirkətləridir.

4. “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə”

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında “Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi” 8 dekabr 2016-cı il tarixdə Cenevrədə Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru və Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən imzalanmışdır. 1 noyabr 2017-ci il tarixdən layihənin icrasına start verilmişdir.

Pilot layihənin əsas məqsədi könüllü olaraq öz ölkələrinə qayıtmaq arzusunda olan və sığınacaqla təmin olunmaq istəyinə rədd cavabı almış şəxslərin və həssas miqrantların uğurla qayıtması üçün əlverişli şərait yaratmaqdan ibarətdir.

Layihə çərçivəsində 90-dan çox şəxsin mənşə ölkəsinə könüllü qayıdışı həyata keçirilmişdir.

Layihənin icrası 31 dekabr 2020-ci il tarixdə tamamlanmışdır.

5. “BMqT-nin Qlobal Strateji Hazırlıq və Yardım Planının Koronavirus İnfeksiyası 2019 (BMqT COVID GSRP) çərçivəsində Humanitar Fəaliyyətlərə dəstək – COVID-19 Cənubi Qafqaz” layihəsi

15 avqust– 31 dekabr 2020-ci il tarixləri arasında BMqT və Dövlət Miqrasiya Xidməti tərəfindən birgə icra olunan layihənin əsas məqsədi COVID-19 pandemiyası nəticəsində ağır iqtisadi vəziyyətdə olan və təcili ərzaq, sığınacaq ehtiyacı olan və ya zəruri tibbi problemlərini həll etmək üçün maddi imkanları olmayan əcnəbilərə yardım edilməsi olmuşdur.

ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində ümumilikdə 276 miqranta qida, müvəqqəti mənzil təminatı, tibbi və sənədləşmə yardımı göstərilmiş və 400 miqrant fərdi qoruyucu vasitələrilə təmin edilmişdir.

Belə ki, içərisində COVID-19 haqqında məlumat vərəqələri, əl dezinfeksiyaedici məhlulu, termometrlər, əlcəklər, maskalar və antibakterial salfetlər olan dəstlər “Miqrasiya Könüllüləri” İctimai Birliyinin üzvlərinin iştirakı ilə Bakıda müvəqqəti məskunlaşan çətin vəziyyətə düşmüş əcnəbilərə çatdırılmışdır.

6. “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi

Layihənin əsas məqsədi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” və “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişlərdə nəzərdə tutulan Aİ və Azərbaycan hökuməti tərəfindən 2012-ci ildə qəbul olunan Aİ-Azərbaycan “Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramı” çərçivəsində İnstitusional İslahat Planının II hissəsinə uyğun olaraq, islahatların beynəlxalq və Avropa insan hüquqlarına tam riayət edərək həyata keçirilməsi üçün potensiallarının artırılmasından ibarət olmuşdur.

1 sentyabr 2014-cü il tarixdən icrasına başlanılan layihə 31 dekabr 2018-ci il tarixdə tamamlanmışdır. Büdcəsi 3.3 milyon ABŞ dolları olan layihənin əsas benefisiarları Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sərhəd Xidməti olmuşdur.

Layihə Aİ-nin əsas, BP və onun tərəfdaşlarının, ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müştərək maliyyə dəstəyi ilə həyata keçirilmişdir.           

Layihənin spesifik məqsədlərini 4 istiqamət üzrə qeyd etmək olar:

− Yeni viza rejiminin və readmissiya proseslərinin idarə edilməsi üçün səmərəli mexanizmlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində köməklik göstərmək;

− Səmərəli miqrasiya idarəçiliyi məqsədi ilə qanunvericilik bazasını və insitusional potensialları gücləndirmək, o cümlədən müvafiq təşkilatlar tərəfindən göstərilən xidmətlərin keyfiyyətini və səmərəliliyini, həmçinin idarələrarası əməkdaşlığın səviyyəsini artırmaq;

− Texniki təkmilləşdirmə və avadanlıqların müasirləşdirilməsi vasitəsi ilə sərhəd nəzarəti və yoxlamaları prosedurlarının və fəaliyyətinin keyfiyyətini artırmaqla inteqrasiya edilmiş sərhəd idarəçiliyi üçün milli potensialları gücləndirmək;

− Transsərhəd, həmçinin mütəşəkkil transmilli cinayətkarlığa, o cümlədən miqrantların qeyri-qanuni gətirilməsinə və insan alverinə qarşı mübarizə aparmaq üçün səmərəli və dayanıqlı təcrübəni tətbiq etməklə tənzimlənməyən miqrasiya və insan alveri hallarının azaldılması və bu növ cinayətlərin qarşısının alınması istiqamətində potensialları artırmaq.

Layihə çərçivəsində bir sıra önəmli hesabatlar və məlumat kitabçaları nəşr olunmuşdur. Belə ki, bu nəşrlər sırasında “Vizaların rəsmiləşdirilməsi mexanizmlərinə dair qiymətləndirmə hesabatı”nı, “Readmissiya idarəçiliyi ilə əlaqədar texniki və inzibati ehtiyacların qiymətləndirilməsi hesabatı”nı, “Könüllü qayıdışa və reinteqrasiyaya yardım üzrə qiymətləndirmə hesabatı”nı, “Miqrasiya idarəçiliyi mexanizmləri üzrə institusional və fəaliyyət çərçivələrinə dair qiymətləndirmə hesabatı”nı, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə mexanizmlərin təhlili hesabatı”nı, “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında imzalanmış readmissiya sazişinə əsasən ölkəmizə readmissiya edilmiş Azərbaycan Respublikası vətəndaşlarının vəziyyətinə dair Qiymətləndirmə Hesabatı”nı, “Əmək bazarı informasiya sistemlərinin qiymətləndirilməsi hesabatı”nı, “Könüllü qayıdışa və reinteqrasiyaya yardım prosesinin həyata keçirilməsinə dair standart əməliyyat prosedurları”,  “Əcnəbilərin qanunsuz məşğulluq hallarının aşkar edilməsi və baxılması üçün standart əməliyyat prosedurları”, “Konsulluq əməkdaşları üçün Konsulluq İstinad Kitabçası” və digərlərinin adlarını qeyd etmək olar. Eyni zamanda, Beynəlxalq Miqrasiya Hüququna dair təlim kitabçası da çap olunmuşdur.

Layihənin müxtəlif komponentləri çərçivəsində benefisiar qurumların əməkdaşları üçün müxtəlif seminar və təlimlər təşkil olunmuşdur. Keçirilmiş təlim və seminarlar əsasən  miqrasiya və sərhəd idarəçiliyi, miqrantların sağlamlığı, sənədlərin tanınması, qanunsuz əmək fəaliyyəti və əmək istismarı ilə mübarizə, əmək bazarı informasiya sistemləri, readmissiya və insan hüquqları ilə bağlı mövzulara həsr olunmuşdur.

Bundan əlavə, layihə çərçivəsində Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyətinin Xorvatiya Respublikasına rəsmi səfəri baş tutmuşdur. Eyni zamanda, elektron məlumat sistemlərinə dair qiymətləndirmə üzrə işçi qrupu yaradılmış və işçi qrupunun Gürcüstanın və Türkiyənin mövcud təcrübəsinin öyrənilməsi məqsədilə həmin ölkələrə təlim səfəri təşkil olunmuşdur.

Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlərin və “Elektron Sənəd Dövriyyəsi” sisteminin təkmilləşdirilməsi, Vahid Miqrasiya Məlumat Sistemində (VMMS) müvafiq alt-sistemin yaradılması, eləcə də miqrasiya sahəsində tətbiq edilmiş cərimələrin “Asanpay” ödəniş sistemi vasitəsilə ödənilməsi üçün proqram təminatının hazırlanması üçün aidiyyəti işlər görülmüş, o cümlədən Xidmət əməkdaşlarının proqramlaşdırma və texniki dəstək sahəsində bilik və bacarıqların artırılması məqsədilə Türkiyə Respublikasına təlim səfəri təşkil olunmuşdur. Həmçinin, Xidmət əməkdaşlarının dil biliklərinin yüksəldilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətində ingilis dili kursları təşkil edilmiş, bununla yanaşı Xidmətin nəzdində dil laboratoriyası yaradılmış və zəruri avadanlıqlarla təchiz edilərək 4 iyun 2018-ci il tarixdən istifadəyə verilmişdir.

7. “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI faza (INL)” layihəsi

Layihə BMqT tərəfindən ABŞ Dövlət Departamentinin Narkotiklər və hüquq-mühafizəyə dair beynəlxalq məsələlər üzrə Bürosunun (İNL) maliyyə dəstəyi ilə həyata keçirilir. 21 sentyabr 2016-cı il tarixdən icrasına başlanılan layihə 20 oktyabr 2019-cu il tarixdə tamamlanmışdır.

Layihənin benefisiarları Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, xarici dövlətlərin Azərbaycan Respublikasına akkreditə olunmuş diplomatik nümayəndəlikləri, vətəndaş cəmiyyəti institutları, o cümlədən miqrantlar, insan alveri qurbanları və potensial qurbanlar hesab olunur.

Layihənin əsas məqsədi Azərbaycan Hökumətini insan alveri və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə dəstəkləmək, həssas vəziyyətdə olan miqrantlara, həmçinin insan alverinin potensial qurbanlarına müvafiq yardımların göstərilməsi üçün mövcud mühafizə mexanizmlərini təkmilləşdirmək və bu sahədə yerinə yetirilən milli səylərə töhfə verməkdən ibarət olmuşdur.

Layihə çərçivəsində insan alveri qurbanlarının müəyyən edilməsi və onlara müvafiq köməkliyin göstərilməsi, qurbanlara yardım göstərən səhiyyə işçilərinin, o cümlədən psixoloqlar, sosial və tibb işçilərinin potensiallarının artırılması, beynəlxalq miqrasiya hüququ proqramının hazırlanması və institusionallaşdırılması, diplomatik nümayəndəliklərin əməkdaşlarına panel seminarların keçirilməsi, miqrantların, eləcə də təhsil müəssisələrində yeniyetmələrin və gənclərin maarifləndirilmələri, təlimçilərin təlimi kimi fəaliyyətlər həyata keçirilmişdir.

18 dekabr 2017-ci il tarixdən etibarən BMqT ilə əməkdaşlıq çərçivəsində Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində Azərbaycana gələn miqrantlar və onların ailə üzvləri üçün həftədə 2 dəfə olmaqla orientasiya seminarlar keçirilmişdir. Təlimlərdə miqrantların hüquq və vəzifələri, Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən psixo-sosial mövzular tədris edilmişdir. Layihə çərçivəsində 25 dekabr 2017-ci il tarixdən – 01 oktyabr 2019-cu il tarixədək keçirilən oriyentasiya seminarlarında 1817 nəfər iştirak etmişdir.

8. “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması (ENCT)” layihəsi

Avropa İttifaqının əsas, BMqT-nin İnkişaf fondunun isə əlavə dəstəyilə maliyyələşdirilən layihənin rəsmi açılış mərasimi 12 iyun 2017-ci il tarixdə keçirilmiş, icrası 30 iyun 2019-cu il tarixdə tamamlanmışdır. Büdcəsi 875.000 avro təşkil etmiş layihə hərtərəfli və çoxistiqamətli yanaşma tətbiq etməklə insan alveri və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycan Hökumətini dəstəkləmək məqsədi daşımışdır.

Layihənin hədəf qrupuna Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və insan alveri qurbanları daxil edilmişdir.

Layihə çərçivəsində Layihə Əlaqələndirmə Komitəsinin iki iclası,  Avropa İttifaqının insan alverinə qarşı mübarizə gününə həsr olunmuş konfrans və BMqT tərəfindən müəyyən edilmiş beynəlxalq ekspert Alison Roma Harvey ilə görüşlər keçirilmişdir. Həmçinin, Dövlət Miqrasiya Xidməti üçün insan alverinə qarşı mübarizə ilə bağlı Təlim Proqramı hazırlanmışdır.

9. “Cənubi Qafqaz ölkələrində səmərəli readmissiya idarəçiliyinin yaradılmasına dəstək” layihəsi

Ümumi büdcəsi 1.492.457 avro olan 24 aylıq layihə üç Cənubi Qafqaz ölkəsində ayrı-ayrılıqda BMqT tərəfindən həyata keçirilmişdir. Layihənin əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin hər üçündə səmərəli readmissiya idarəçiliyi mexanizminin yaradılması və inkişaf etdirilməsi olmuşdur. Layihə əsasən Avropa İttifaqı (Aİ), qismən isə BMqT-nin İnkişaf Fondu, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilmişdir. Layihə çərçivəsində Cənubi Qafqaz ölkələri arasında birbaşa əməkdaşlıq həyata keçirilməmişdir.

            Layihə Azərbaycan üzrə 3 spesifik məqsədi özündə cəmləşdirmişdir:

  • Readmissiya kazuslarının, səmərəli idarəetmə sisteminin yaradılmasına yardım etmək;
  • Miqrantların qəbul mərkəzlərinin idarə edilməsi üçün potensialları artırmaq;
  • Geri qayıdan miqrantların reinteqrasiyasına yönələn səmərəli institusional mexanizmlərin yaradılmasına köməklik etmək.

            Layihənin komponentləri:

  • Azərbaycanda səmərəli readmissiyanın həyata keçirilməsi və məlumat mübadiləsi üçün potensialların yaradılması;
  • Azərbaycanda miqrantların yerləşdirmə və saxlama mərkəzlərinin idarə olunması üçün potensialların yaradılması;
  • Azərbaycanda könüllü qayıdışa yardım və reinteqrasiya proqramlarının həyata keçirilməsi üçün institusional sistemlərin yaradılması.

Layihənin icra müddəti ərzində BMqT bir sıra orqanları, təşkilatlar və vətəndaş cəmiyyətləri ilə (Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası) əməkdaşlıq etmişdir. Həmçinin Belçika Krallığının Federal İmmiqrasiya Xidməti, Niderland Krallığının Təhlükəsizlik və Ədliyyə Nazirliyinin Repatriasiya və Geriqaytarma Xidməti, Polşa Respubllikasının Daxili İşlər Nazirliyi öz ekspertlərini readmissiya və könüllü qayıdışın idarə olunmasına həsr olunmuş seminar və təlim səfərlərinə cəlb etməklə layihəyə öz töhfələrini vermişlər.

Layihənin ümumi nəticələri:

Layihə çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə aidiyyəti dövlət qurumlarında görüşlər keçirilmiş, Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzlərinin, həmçinin Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin readmissiya və qayıdış aspektindən qiymətləndirilməsi aparılmışdır. Eyni zamanda, hüquq-mühafizə orqanları əməkdaşları üçün regionlarda təlimlər keçirilmiş, aidiyyəti dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə Polşa, Rusiya, Almaniya və Belçikaya təlim səfərləri təşkil edilmiş, eləcə də “Readmissiya məsələləri üzrə rəhbər sənəd” çap edilmişdir. Həmçinin, layihə çərçivəsində Bakı şəhərində “Readmissiya və Qayıdış” və “Azərbaycan Respublikasının miqrasiya siyasəti və insan hüquqları” mövzularında beynəlxalq konfranslar təşkil olunmuşdur. Layihə 2012-ci – 2015-ci illəri əhatə etmişdir.

10. “Potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi” layihəsi

Bu layihə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilmişdir. Layihənin həyata keçirilməsində BMqT Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, qeyri-hökumət təşkilatları və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir.

           Layihə 4 əsas təşəbbüsün (4P) əldə olunmasına nail olmuşdur:

  • Prevention-Qarşısı alınma-özəl sektorda maarifləndirmə yolu ilə insan alveri hallarının azaldılması;
  • Prosecution-İstintaq-insan alveri ilə məşğul olanların təqibi və cəzalandırılması;
  • Protection-Müdafiə-insan alveri qurbanlarının dayanıqlı reinteqrasiyasını asanlaşdırmaq;
  • Partnership-Tərəfdaşlıq-tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi və koordinasiyanın yaradılması.

Layihə 2012-ci –2014-cü illəri əhatə etmişdir.

11. “Azərbaycanda miqrantların hüquqlarını qoruyan səmərəli mexanizmlərin yaradılması” layihəsi

Layihənin icrasına 2012-ci ilin iyun ayından başlanılmışdır. Layihə Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir.

Sözügedən layihə Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Ombudsman Aparatı, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət İdarəçilik Akademiyası, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasından ibarət olan İşçi Komitə tərəfindən dəstəklənmişdir. Layihənin icrası 2013-cü ildə tamamlanmışdır.

12. “Azərbaycandan kənarda yaşayan miqrant və onların ailə üzvlərinə dəstəyin artırılması” layihəsi

Bu layihə BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilmişdir. Layihənin əsas məqsədi Azərbaycandan kənarda yaşayan miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması olmuşdur. Layihə çərçivəsində görülmüş işlər və aparılmış tədqiqatlar nəticəsində müvafiq hesabatlar hazırlanmış və 20 şəxsə hüquqi yardım göstərilmişdir. Hesabatlar bu sahədə mövcud ehtiyacları müəyyənləşdirilməsi, benefisiarlar üçün sosial müdafiə proqramlarının və strateji tövsiyələrin hazırlanmasını təmin etmişdir. Layihə 2012-ci - 2013-cü illəri əhatə etmişdir.

13. “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin yaxşılaşdırılması” layihəsi

BMqT tərəfindən icra olunan və Dövlət Miqrasiya Xidmətinin əsas benefisiarı olduğu layihənin icrasına 1 yanvar 2022-ci il tarixdən başlanılmışdır. 24 ay davam edəcək layihə çərçivəsində pul köçürmələri ilə bağlı cari tendensiyanın, prosedurların, xidmətlərin, milli qanunvericiliyin və siyasətlərin təhlil edilməsi, innovativ rəqəmsal pul köçürməsi sisteminin hazırlanması və istifadəyə verilməsi üçün yol xəritəsinin hazırlanması, pilot rəqəmsal tətbiqin istifadəyə verilməsi və onun davamlılığının təmini üçün tədbirlərin görülməsi ilə əlaqədar fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Layihə həm Azərbaycanda olan və yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, həmçinin digər ölkələrdə olan azərbaycanlı emiqrantlar tərəfindən öz təyinat ölkələrinə pul köçürmələrinin göndərilməsi ilə əlaqədar daha yaxşı xidmət məhsullarının təqdim olunması, daha sərfəli xidmət xərcləri, potensial investisiya imkanları və digər sahələrdə fəaliyyətlərin icrasına dəstək göstərəcəkdir.

Layihənin ümumi məqsədi yaşayış vasitələrinin dayanıqlı inkişafını dəstəkləmək üçün xaricdəki azərbaycanlı miqrantlar və Azərbaycanda pul köçürmələrini alanlar arasında maliyyə xidmətlərinə əlçatanlığın artırılması və rəqəmsal maliyyə xidmətlərindən daha çox istifadəyə şərait yaratmaqdır.

Layihə rəqəmsallaşma dövründə miqrantların və pul köçürmələri alanların maliyyə inklüzivliyini dəstəkləmək üçün dövlət qurumları, banklar və tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradacaqdır.

 

 

14. “Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi miqrantlara Beynəlxalq Miqrasiya Təşkilatının COVID-19 Qlobal Strateji Hazırlıq və Yardım Planı çərçivəsində dəstəyin göstərilməsi – ikinci faza” layihəsi

15 noyabr 2021-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək BMqT və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi miqrantlara Beynəlxalq Miqrasiya Təşkilatının COVID-19 Qlobal Strateji Hazırlıq və Yardım Planı çərçivəsində dəstəyin göstərilməsi – ikinci faza” layihəsi həyata keçirilmişdir.

Layihənin əsas məqsədi miqrantların “COVID-19” pandemiyası ilə əlaqədar uzun müddət davam edən məhdudiyyətlərlə bağlı zəruri ehtiyaclarını nəzərə alaraq, BMqT-nin “COVID-19” pandemiyası ilə bağlı miqrantlara yönəlik cavab tədbirlərinin təşviq edilməsi və həssas vəziyyətlərdə olan miqrantlara köməklik göstərilməsi olmuşdur.

ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu tərəfindən maliyyələşdirilən layihənin digər məqsədi Azərbaycan Respublikası ərazisində həssas miqrant qruplarına BMqT-nin Qlobal Strateji Hazırlıq və Yardım Planına uyğun olaraq humanitar yardımın həyata keçirilməsi olmuşdur.

Layihə çərçivəsində aşağıdakı istiqamətlər üzrə işlər görülmüşdür:

  • Azərbaycanda həssas vəziyyətdə olan miqrantlara və onların ailələrinə xüsusi humanitar yardım xidmətlərinin göstərilməsi;
  • Azərbaycanda həssas vəziyyətdə olan miqrantlar arasında “COVID-19” pandemiyasına qarşı peyvəndin əlçatan olmasının təşviq edilməsi;
  • Ölkədə çətin vəziyyətə düşmüş və həssas miqrantların humanitar vəziyyəti barədə ətraflı qiymətləndirmənin həyata keçirilməsi.

© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur