Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin (DMX) təşəbbüsü ilə 2018-ci ilin noyabr ayından etibarən həyata keçirilən “Miqrasiya Məktəbi” layihəsi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaq məqsədi daşıyır.

Miqrasiya Məktəbi çərçivəsində iştirakçılar miqrasiya prosesləri, miqrasiya axınlarının idarə olunması, miqrasiya siyasətinin formalaşdırılması, müxtəlif kateqoriyalardan olan miqrantlara münasibətdə tətbiq edilən yanaşmalarla tanış olurlar.

Proqram çərçivəsində miqrasiyanın cəmiyyətə ictimai, siyasi və iqtisadi təsirlərinin öyrənilməsi, həmçinin beynəlxalq tendensiya və çağırışlar barədə məlumatlandırılma vasitəsilə maraqlı şəxslərin bu sahə üzrə nəzəri və praktiki biliklərinin artırılması, eləcə də miqrasiya üzrə araşdırmaların dəstəklənməsi əsas hədəflərdəndir.

6 ay davam edən Miqrasiya Məktəbində miqrasiyanın müxtəlif sahələrinə dair  təlimlər keçirilir. İştirak üçün seçilmiş şəxslər miqrasiya üzrə ümumi məlumat, beynəlxalq səviyyədə idarəetmə, Azərbaycan Respublikasının bu sahə üzrə təcrübəsi, həmçinin hüquqi və institusional baza barədə nəzəri biliklər əldə edirlər. İştirakçılar proqram müddətində DMX-nin müvafiq struktur bölmələrinin işi ilə yaxından tanış olmaqla yanaşı, DMX, eləcə də onun beynəlxalq tərəfdaşlarının təşkil etdiyi digər təlim və tədbirlərdə iştirak edirlər. Proqramın sonunda təlimi uğurla başa vurmuş iştirakçılara sertifikatlar verilir.

Proqram hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, dövlət idarəçiliyi və sosiologiya sahələri üzrə ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yenicə başa vurmuş şəxslər üçün nəzərdə tutulub.

Təlimlər DMX-nin müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq təlimçilər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən tədris edilir.

İştirakçıların seçimi iki mərhələdən ibarətdir. Birinci mərhələdə müvafiq qeydiyyat formasındakı məlumatlar yazılaraq təqdim edilir. İlkin seçimdən keçmiş şəxslər müsahibəyə cəlb olunurlar. Seçim üçün əsas meyar dünyagörüşü, məntiqi düşüncə və xarici dil bilikləridir.


© 2023 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur