Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd  təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən,  siyasi və başqa əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul  edilə bilər.

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa  edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa və ya vətəndaşlığına xitam verilmə  barədə Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət edirlər.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul barədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.

Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta  sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi ilə əlaqədar tələb olunan sənədlər

Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir.

  • Ərizə-anket (kompyuter vasitəsilə doldurulmalıdır) - 2 nüsxədə çap olunmalıdır;
  • Azərbaycan Respublikası Prezidentinin adına ərizə (kompüter vasitəsilə yazılmalıdır) – 2 nüsxədə çap olunmalıdır;
  • Tərcümeyi-hal (kompüter vasitəsilə yazılmalıdır) – 2 nüsxədə çap olunmalıdır;
  • Fotoşəkil (3x4 ölçüdə) – 4 ədəd;
  • Dövlət rüsumunun ödənilməsi haqqında qəbz (110 manat);
  • Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
  • Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla)-(notariat qaydasında təsdiq edilmiş tərcüməsinin əlavə olunması);
  • Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış (maaş göstərilməklə), pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) Şəxs işləmirsə Azərbaycan Respublikası vətəndaşı tərəfindən öhdəliyə götürülə bilər. Bu zaman:

- Öhdəliyə götürən şəxsin öhdəlik ərizəsi (notariat qaydada təsdiqli);

- Öhdəliyə götürən şəxsin şəxsiyyət vəsiqəsi (notariat qaydada təsdiqli);

- Öhdəliyə götürən şəxsin qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (iş yerindən arayış, pensiya, təqaüd və s.);

  • Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti;
  • “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti;
  • Azərbaycan Respublikasının vətəndaşları olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrinin surətləri (olduğu halda).

Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı vəsatət qaldıran şəxs yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə müraciət etdikdə aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • Digər valideynin razılıq ərizəsi (notariat qaydada təsdiqli);
  • Digər valideynin pasportunun surəti (notariat qaydada təsdiqli);
  • Nikah haqqında şəhadətnamənin surəti;
  • 14-18 yaşlı uşaqların razılıq ərizələri (notariat qaydada təsdiqli).

 Qeyd: Ərizə-anket və ərizədə vəsatət qaldıran şəxsin yetkinlik yaşına çatmayan uşaqlarının da adları qeyd olunmalı, həmçinin 4 ədəd fotoşəkilləri (3x4 ölçüdə) təqdim olunmalıdır.

Ərizə-anket nümunəsi:

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi ilə əlaqədar tələb olunan sənədlər

Azərbaycan Respublikası vətəndaşlığını bərpa etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edir.

  • Ərizə-anket (kompyuter vasitəsilə doldurulmalıdır) - 2 nüsxədə çap olunmalıdır;
  • Azərbaycan Respublikası Prezidentinin adına ərizə (kompüter vasitəsilə yazılmalıdır) – 2 nüsxədə çap olunmalıdır;
  • Tərcümeyi-hal (kompüter vasitəsilə yazılmalıdır) – 2 nüsxədə çap olunmalıdır;
  • Fotoşəkil (3x4 ölçüdə) – 4 ədəd;
  • Dövlət rüsumunun ödənilməsi haqqında qəbz (110 manat);
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti (notariat qaydasında təsdiqli);
  • QİÇS müayinəsindən keçməsi və ümumi sağlamlıq haqqında arayış;
  • Hepatit B və C haqqında arayış;
  • Vərəm Əleyhinə Dispanserindən arayış;
  • Dəri-zöhrəvi Dispanserindən arayış;
  • Ruhi-əsəb Dispanserindən arayış.

Qeyd: Vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, tibbi arayışlar tələb olunmur.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa ilə bağlı vəsatət qaldıran şəxs yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə müraciət etdikdə aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • Digər valideynin razılıq ərizəsi (notariat qaydada təsdiqli);
  • Digər valideynin pasportunun surəti (notariat qaydada təsdiqli);
  • Nikah haqqında şəhadətnamənin surəti;
  • 14-18 yaşlı uşaqların razılıq ərizələri (notariat qaydada təsdiqli).

Qeyd: Ərizə-anket və ərizədə vəsatət qaldıran şəxsin yetkinlik yaşına çatmayan uşaqlarının da adları qeyd olunmalı, həmçinin 4 ədəd fotoşəkilləri (3x4 ölçüdə) təqdim olunmalıdır.     

Ərizə-anket nümunəsi:

 

Azərbaycan Respublikası vətəndaşlığından çıxma  ilə əlaqədar tələb olunan sənədlər

Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə müraciət edir.

  • Ərizə-anket (kompyuter vasitəsilə doldurulmalıdır) - 2 nüsxədə çap olunmalıdır;
  • Azərbaycan Respublikası Prezidentinin adına ərizə (vətəndaşlıqdan çıxma səbəbi göstərilməklə kompüter vasitəsilə yazılmalıdır) – 2 nüsxədə çap olunmalıdır;
  • Tərcümeyi-hal (kompüter vasitəsilə yazılmalıdır) – 2 nüsxədə çap olunmalıdır;
  • Fotoşəkil (3x4 ölçüdə) – 4 ədəd;
  • Dövlət rüsumunun ödənilməsi haqqında qəbz (110 manat);
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Kredit öhdəliyinin olmaması barədə Azərbaycan Kredit Bürosundan sənəd;
  • Dövlət qarşısında vergi öhdəliyinin olmaması barədə Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətindən sənəd;
  • Barəsində aliment ödənişi və digər icra sənədinin olmaması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən sənəd;
  • Hərbi xidmət öhdəliyinin olmaması barədə sənəd (hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti və ya qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsindən arayış);
  • Mənzil kommunal xidmətlərinə görə borcunun olmaması barədə yaşayış yeri üzrə mənzil istismar sahəsindən arayış;
  • Sudan istifadəyə və çirkab suyun axıdılmasına görə borcunun olmaması barədə “Azərsu” QSC-nin müvafiq yerli şöbəsindən arayış;
  • Qazdan istifadəyə görə borcunun olmaması barədə arayış;
  • Elektrik enerjisindən istifadəyə görə borcunun olmaması barədə arayış;
  • Telefon danışıqlarına görə borcunun olmaması barədə arayış.

Qeyd: Adında daşınmaz əmlak olmamasına dair sənəd təqdim edən şəxslərdən rabitə və kommunal xidmətlərlə bağlı arayışlar tələb olunmur.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı vəsatət qaldıran şəxs yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə müraciət etdikdə aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • Digər valideynin razılıq ərizəsi (notariat qaydada təsdiqli);
  • Digər valideynin pasportunun surəti (notariat qaydada təsdiqli);
  • Nikah haqqında şəhadətnamənin surəti;
  • 14-18 yaşlı uşaqların razılıq ərizələri (notariat qaydada təsdiqli).
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 15 yaşdan yuxarı oğlan uşaqlarına şamil edilir (notariat qaydada təsdiqli).

Qeyd: Ərizə-anket və ərizədə vəsatət qaldıran şəxsin yetkinlik yaşına çatmayan uşaqlarının da adları qeyd olunmalı, həmçinin 4 ədəd fotoşəkilləri (3x4 ölçüdə) təqdim olunmalıdır.