Miqrasiya orqanlarında çalışan işçilərin peşə hazırlığının yüksəldilməsi daima diqqət mərkəzindədir


(Məqalə “Xalq” qəzetinin 14 mart 2014-ci il tarixli 054 (27569) nömrəli sayında dərc edilmişdir)

 

“İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl

ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi

potensialımızı insan kapitalına çevirməliyik. Çünki

insanın savadı, biliyi onun gələcək həyatını müəyyən

edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə

ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün

vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiyanın hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində Respublikamızda iqtisadi yüksəliş nəinki ölkə əhalisinin güzəranında özünü büruzə verməkdədir, hətta Azərbaycana xarici şirkətlərin, əcnəblərin axını bu inkişafın xaricdən də asanlıqla müşahidə edildiyinin göstəricisidir. Təbii ki, bu inkişafı təmin etmək üçün peşəkar kadr hazırlığı aktual məsələlərdəndir.

 

Azərbaycan Prezidenti hər zaman gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının genişlənməsi üçün bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Əlbəttə gənclərə dəstək olmaq gələcəyimizə zəmanət kimi dəyərləndirilməlidir. Bu gün ölkədə kadr siyasətinə və kadrların hazırlığına xüsusi önəm verilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti də hər zaman dövlət başçısının yuxarıda qeyd edilən tapşırığını rəhbər tutur, miqrasiya orqanlarında qulluğa qəbul zamanı “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə vətəndaşların miqrasiya qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, miqrasiya qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və miqrasiya qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alır. Xidmətdə qulluq keçən əməkdaşların hazırlığının və ixtisas səviyyəsinin yüksəldilməsi istiqamətində  mühüm addımlar atılır. Gənclərin təşəbbüskarlığının dəstəklənməsi, hər bir işçinin inkişafı üçün bərabər şəraitin yaradılması və onların karyera yüksəlişinin ədalət prinsiplərinə əsaslanaraq həll olunması  prioritet məsələdir. Fəaliyyətə başlamasının 7-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız Dövlət Miqrasiya Xidmətində kadr hazırlığı siyasətinin təkmilləşdirilməsi, tədris proqramlarının keyfiyyətlə işlənib hazırlanması, işçilərin intensiv olaraq bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə kompüterləşdirilən təlim-tədris mərkəzinin fəaliyyəti təmin edilmişdir. Xidmətdə çalışan əməkdaşların səriştəlilik dərəcəsinin müəyyən olunması, müxtəlif ixtisas sahiblərinin peşəkarlıq səviyyəsinin artırılması, onların təlim ehtiyaclarının müəyyən olunması məqsədilə attestasiya nəticələri statistik və məzmun baxımından təhlil olunmuşdur.

 

Fərəhli haldır ki, bu gün xidmətdə çalışan əməkdaşların 80 faizini gənclər təşkil edir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi keçirdiyi görüşlərdə dəfələrlə bildirib ki, Dövlət Miqrasiya Xidməti hüquq-mühafizə orqanı statusunu daşıyır və buna görə də hər bir əməkdaş üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk etməli, öz fəaliyyəti dövründə ona göstərilən etimadı doğrultmaq üçün səylə çalışmalıdır. Məqsəd daim tərəqqi edən, iqtisadi imkanlarını genişləndirən, dünya iqtisadi sisteminə sürətlə inteqrasiya edən Azərbaycanın hərtərəfli inkişafına Dövlət Miqrasiya Xidmətinin öz layiqli töhfəsini  verməsidir. Bir sözlə Xidmətdə kadr hazırlığını yüksək səviyyədə həyata keçirmək üçün zəruri olan bütün addımlar atılır.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birgə  ötən il iyunun 9-da miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilmişdir. Namizədlərin sənəd qəbulu Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmışdır. İmtahanda iştirak etmək üçün  239-u kişi, 48 nəfəri qadın olmaqla 287 namizəd müraciət etmişdir. Onlardan  265 nəfəri imtahanda iştirak etmiş, 22 nəfər imtahana gəlməmişdir. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunmuşdur. 50-i ümumi qanunvericilik, 20-i Azərbaycan tarixi və coğrafiyası, 10-u kompüter bilikləri və 20-i məntiqi biliklərin yoxlanması ilə bağlı test tapşırıqlarıdır. 3 saat davam edən  imtahanda hər sual bir balla qiymətləndirilmişdir. Nəticədə ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılımışlar. İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdirilmişdir. Həmçinin 10 nəfəri kişi, 2-i qadın olmaqla 12 namizədin birbaşa söhbət mərhələsində iştirak etməsi üçün müraciəti qeydə alınmışdır. 

 

2013-cü il avqustun 7-də Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyində test imtahanında müvəffəqiyyət qazanan, Xidmətin təlim kurslarını uğurla başa vuran dinləyicilərin Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə"yə uyğun olaraq, andiçmə mərasimi keçirilmiş və onlar miqrasiya orqanlarına qulluğa qəbul edilmişlər. Bundan əlavə 2013-cü ilin fevral-mart aylarında Xidmətin Tibb müəssəsinə mülki vəzifələrə işə qəbulla bağlı, eləcə də iyun-iyul aylarında Xidmətdə könüllü əsaslarla işləmək arzusunda olanlarla bağlı müsabiqələr elan olunmuşdur. Dövlət Miqrasiya Xidmətinə müsabiqə və müsahibə əasasında 84 qadın, 81 kişi ümumilikdə 165 şəxs işə qəbul edilmiş, eyni zamanda bir sıra ali məktəb tələbələrinin Xidmətin müvafiq struktur bölmələrində istehsalat təcrübəsi keçməsi təşkil olunmuşdur.

 

Bundan başqa ötən il 40 gənc Dövlət Miqrasiya Xidmətində  könüllü əsaslarla fəaliyyət göstərmişdir. Könüllü kimi çalışan əməkdaşlar Xidmətdəki təcrübə zamanı yüksək intizamlılıq, xoşrəftarlılıq, ünsiyyətçillik, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq, kompüter bacarığı və digər yüksək keyfiyyətlər nümayiş etdirmişlər.

 

Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, miqrasiya proseslərinin idarəolunması və kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, əməkdaşların professionallığının, nəzəri və praktiki baxımdan bilik və bacarıqlarının artırılması, həmçinin Xidmətə yeni işə qəbul olunmuş işçilərin peşə hazırlığının təmin edilməsi məqsədilə 2013-cü il ərzində Xidmətin rəhbər vəzifəli şəxsləri tərəfindən seminarlar keçirilmiş, təlim-tədris kursları təşkil olunmuşdur. 2013-2015-ci illəri əhatə edən Avropa İttifaqı ilə birgə həyata keçirilən Tvinninq layihəsi də buna bir nümunədir. Ümumilikdə, Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunvericilik, qanunsuz miqrasiyaya qarşı mübarizə, təlim və inkişaf, ictimaiyyətin maarifləndirilməsi sahəsində idarəçilik və fəaliyyət potensialının gücləndirilməsi məqsədilə 4 istiqamət üzrə seminar, eləcə də Avropa İttifaqı ölkələrinə təlim səfərləri və görüşlər keçirilir.

 

Ötən müddətdə layihə çərçivəsində bir sıra mövzulara dair seminarlar təşkil olunmuşdur. Seminarlarda iştirakçılar ekspertlərin təqdimatları əsasında  sığınacaq və miqrasiya sahəsində məlumatların alınması və emalı üzrə metodları, tətbiqi imkanları, qanunsuz miqrantların aşkarlanması, könüllü və məcburi qayıdış, qanunsuz əmək miqrantlarının aşkarlanması prosedurları, ictimaiyyətlə əlaqələrin daha təkmil metodlarla qurulması, məlumatlandırma və maarifləndirmə  kampaniyalarının aparılması bacarıqlarının artırılması, miqrasiya sahəsində müfəssəl hesabatların tərtib edilməsi üçün müvafiq sorğu blanklarının hazırlanması metodlarını öyrənmiş, bu sahədə qurumlararası əməkdaşlıq istiqamətləri ilə bağlı bir sıra məsələlər müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır.

 

Kadr hazırlığı ilə bağlı daha bir əhəmiyyətli məqam ondan ibarətdir ki, Xidmət əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kursları və təlimlər təşkil olunmuşdur. Akademiyanın rəhbər kadrların ixtisasının artırılması fakültəsində “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunun proqramının əsas məqsədi bu sahədə həyata keçirilən islahatlar, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı dinləyicilərə yeni biliklərin verilməsi olmuşdur. Mütəmadi olaraq müasir tədris planları və tədris texnologiyaları əsasında təşkil edilən layihələrin, seminarların əsas məqsədi miqrasiya xidməti qulluqçularının yüksək peşə hazırlığını daha da artırmaqdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən Miqrasiya Xidmətinin Aparatında, həmçinin Regioanal idarələrdə dahi öndərin irsinin öyrənilməsi məqsədilə ali təhsil müəssisələrinin müəllimləri, Milli Məclisin deputatalarının və ziyalıların mühazirələri təşkil edilmişdir. Mühazirələrdə müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi, xalqımız qarşısındakı tarixi xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Natiqlər Ulu öndərin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi və böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın müstəqil, sivil dövlət quruculuğu yoluna qədəm qoyduğunu diqqətə çatdırmışlar.

 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2013-cü il ərzində etik davranış məsələləri ilə bağlı tədbirlərin  keçirilməsi işi də uğurla davam etdirilmişdir. Bu tədbirlər Azərbaycan Respublikasının Qanunlarına və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilmişdir. Belə ki, “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”na uyğun olaraq, miqrasiya orqanları işçilərinin davranışlarının qanunvericiliklə müəyyən olunmuş etik davranış qaydalarına uyğunluğuna nəzarət edilmiş, bu qaydalara əməl edilməsi vəziyyəti mütəmadi olaraq öyrənilməklə diqqət mərkəzində saxlanılmışdır. Bununla yanaşı, etik davranış məsələləri Xidmətin müşavirələrinin və kollegiya iclaslarının daimi müzakirə predmeti olmuş, məsələ ilə bağlı əməkdaşlara zəruri tapşırıqlar verilmişdir. Miqrasiya orqanları işçilərinin davranışlarının təhlili və etik davranış qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılması məqsədilə 2013-cü il ərzində Xidmətin struktur bölmələrində etik davranış qaydalarına dair təlimlər təşkil edilmişdir. Təşkil edilmiş təlimlərdə vicdanlı və mədəni davranış, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, ictimai etimad, məlumatlardan istifadə və digər etik davranış qaydaları və bu qaydalara əməl olunması məsələləri tədris olunmuşdur.

 

Gələcəkdə də Xidmət tərəfindən miqrasiya orqanları işçilərinə peşəkarlıqlarının artırılması, etik davranış məsələləri üzrə mütəmadi seminarların, treninqlərin keçirilməsi davam etdiriləcək, həmçinin bununla bağlı hazırlanmış müvafiq məlumatlar ictimaiyyətə təqdim olunur. Xidmətin rəsmi internet səhifəsində etik məsələlər üzrə xüsusi bölmənin yaradılması, etik davranış qaydaları ilə bağlı birbaşa müraciətlərin, elektron ərizələrin qəbul edilməsi və etik davranış qaydalarının pozulması ilə əlaqədar şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür və fəaliyyət planında göstərilən müddətdə icrası təmin edilir.

 

 

Elman Əliyev

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini,

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur