Azərbaycan Respublikasında miqrasiya prosesləri və proseslərə dövlət nəzarəti (Müsahibə)  


 

 

 

Müsahibimiz Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi,

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevdir.

 

Cənab General, Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaradılmış ən gənc dövlət qurumlarından biri olsa da amma etiraf  edək ki, ötən dövrdə təkcə Azərbaycan ictimaiyyəti yox, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, bir sözlə  miqrantlar tərəfindən fəaliyyəti  müsbət qiymətləndirilir. Buna nail olmaq çətin deyil ki?

- Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir. Xidmət hüquq-mühafizə orqanı statusu daşıyır və burda çalışan miqrasiya qulluqçusu kimi şərəfli bir adı daşıyan hər kəs öz məsuliyyətini kifayət qədər yaxşı dərk edir. Doğrudur, xidmətdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Mən əminliklə deyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi belə gənclərin önə çıxmaları, məsuliyyəti öz üzərlərinə götürmələri gələcək uğurlu inkişafımızı təmin edəcək vacib məsələlərdəndir. Çünki hər bir ölkənin inkişafını onun intellektual potensialı müəyyən edir. Xüsusilə bu danılmaz həqiqətdir ki, indiki zamanda yüksək texnologiyaların sürətlə inkişaf etdiyi bir vaxtda intellektual potensialı zəngin olan ölkələr üstünlük təşkil edəcəkdir. Xidmət Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini əlaqələndirir, miqrasiya prosesini tənzimləyir, idarə edir və dövlət nəzarətini həyata keçirir. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən, hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bir də ki, dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi bizim hər birimiz xalqın xidmətçisiyik. Xidmətə daxil olan bütün sorğular, suallar, müraciətlər əməkdaşlar tərəfindən operativ araşdırılmalı, müvafiq tədbirlər görülməlidir. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan bütün tapşırıqlar vaxtında və uğurla yerinə yetirilməlidir. Bu bizim iş prinsipimizdir. Miqrasiya sahəsində dövlət siyasətini uğurla reallaşdıran Miqrasiya Xidməti ölkəmizə təşrif buyuran əcnəbilərə daima hüquqi, maarifləndirici köməklik göstərir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümid yeri və hüquqi təminatçısıdır, ona görə də Xidmətə müraciət edən hər bir əcnəbiyə qanun çərçivəsində yardım göstərilməlidir. Dövlət Miqrasiya Xidmətinin hər bir əməkadaşı da bunu dərk edir və vəzifə borcu bilir.

Uğurlu bir nəticəyə nail ola bilmişiksə buna görə sevinmək olar, amma arxayınçılığa heç bir əsas yoxdur. Hər gün xidmətin səmərəliliyini artırmaq məqsədilə axtarışlar aparırıq, dünyada miqrasiya sahəsində mövcud olan müsbət təcrübəni öyrənirik. Əməkdaşların iş şəraitini gündən günə yaxşılaşdırıırq, hazırda Xidmətin daha bir neçə regional idarəsinin inzibati binasının tikintisi davam etirilir və bəzilərinin isə inşası başa çatdırılmaqdadır.

 

Xidmətin yaradılmasının 7-ci ildönümüdür. Təbii ki, 7 ili bir müsahibədə tam əhatə etmək o qədər də asan olmayacaq. Ona görə də istərdim ki, son bir ildə Dövlət Miqrasiya Xidmətinin keçdiyi yola, görülən işlərə nəzər salaq. Ötən il nə ilə yadda qaldı?

 -     Əvvəla ötən il təkcə Dövlət Miqrasiya Xidməti üçün yox, ümumilikdə ölkəmiz üçün çox əlamətdar il oldu. Azərbaycan bir çox yeniliklərə imza atdı. Ilə xronoloji ardıcıllıqla nəzər salsaq, “Azərspace-1”  peykinin orbitə buraxılması bu çox mühüm bir hadisədir və ölkəmizin tarixində yeni bir səhifənin açılmasına gətirib çıxarmışdı. Qaldı ki, sənayedə, tikintidə, istehsalatda irəliləyişlər mütləq qeyd edilməlidir. Təkcə bir faktı deyim ki, 2013-cü ildə Azərbaycan Avropa qitəsində iqtisadi inkişaf templərinə görə birinci yerdə olmuşdur. Nəyə görə bu amilləri sadalayıram, çünki bilirsiz ki, miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Azərbaycanın bu səviyyəyə qalxması təbii ki, fərəhli haldır. Ölkənin bu mərhələyə gəlib çıxması heç də rəvan olmayıb, məşəqqətli günlərdən keçib. Ötən il 90 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri nəticəsində, onun təməlini qoyduğu düzgün strateji planlar əsasında Respublikamız bu gün regionun lider dövlətinə çevirilib. Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli  liderimizin yubileyi münasibətilə Xidmətdə təşkil olunmuş tədbirlərdə bütün bunlar barədə məruzələr dinlənildi, ziyalilarimizla əməkdaşların görüşləri təşkil olundu. Bu bir tarixi həqiqətdir ki, uzun illər Azərbaycanı tanımayan ölkələrdən belə indi Respublikamıza miqrasiya etməyə, burda işləməyə, yaşamağa, təhsil almağa can atanlar var. Həyata keçirilən islahatların və dünya birliyinə düşünülmüş, mükəmməl inteqrasiyanın nəticəsidir ki, ötən il Azərbaycan BMT Təhlükəsizlik Şurasında fəaliyyətini müvəffəqiyyətlə başa vurdu.  Azərbaycanı dünyaya bax bu cür ədalətli, prinsipial, yüksək inkişaf tempinə malik bir ölkə kimi təqdim etməyə müvəffəq olmağımız məhz Ulu öndərin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasi-diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Bu da ötən il qədirbilən xalqımız tərəfindən növbəti dəfə öz yüksək qiymətini aldı. Oktyabrın 9-da səsvermə hüququ olan Azərbaycan vətəndaşları mütəşəkkil formada seçki məntəqələrinə gedərək öz iradələrini sərbəst şəkildə ifadə etdilər. Növbəti beş ildə də ölkəmizin taleyi Prezident İlham Əliyevə həvalə olundu, insanlar inkişafa tərəqqiyə səs verdilər.

Ötən il həmçinin  “Şahdəniz-2” layihəsinin imzalanması çox tarixi bir hadisə idi. Bilirsiz ki, bu layihənin işlənməsi də ölkəmizə miqrant axınını xeyli artıracaq. Qanuni əsaslar olduğu halda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışı, müvəqqəti olması, yaşaması, daimi yaşaması ilə bağlı Xidmətin üzərinə düşən fəaliyyəti həyata keçirmək üçün imkanlarımız ötən il daha da yaxşılaşdırıldı. Istər şərait baxımından, istərsə də qanunvericilik baxımından.

Ötən il Dövlət Miqrasiya Xidməti və ictimaiyyətimiz, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, ümumiyyətlə miqrasiya prosesi iştirakçıları üçün həm də bir məsələyə görə əlamətdar oldu, ali qanunverici orqan tərəfindən Miqrasiya Məcəlləsi qəbul olundu, miqrasiya ilə bağlı bu vahid normativ-hüquqi sənəd dövlət başçısı tərəfindən imzalandı və 1 avqust 2013-cü il tarixindən qüvvəyə mindi.

Məcəllənin qəbulundan söz düşmüşkən, bu sənədin qüvvəyə minməsi miqrasiya prosesi iştirakçılarına nə verdi?

- Deyə bilərəm ki, Miqrasiya Məcəlləsi mükəmməl bir sənəddir. Xidmət ölkədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeyydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qaçqın statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq məsələlərinin həlli ilə məşğul olur. 01 avqust 2013-cü il tarixdən qüvvəyə minmiş Miqrasiya Məcəlləsi miqrasiya prosesində xeyli prosedurun sadələşdirilməsinə imkan vermişdir. Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, müraciət və qərar qəbul etmə prosedurları sadələşdirilmişdir. Miqrasiya Məcəlləsi ilə tənzimlənən yeniliklərdən biri də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazələri ilə bağlıdır. Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdisə, Məcəllənin qəbulu ilə bu məhdudiyyət aradan qaldırılmışdır. Sənəddə Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla bilməsi də öz əksini tapmışdır.

Miqrasiya Məcəlləsinin 54-cü maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi və Təhsil Nazirliyi nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlanılır. Azərbaycanın dövlət dilini bilmək miqrantların yerli əhali ilə ünsiyyətinin asanlaşdırılması və cəmiyyətimizə inteqrasiyası baxımından əlbəttə çox mühüm amildir. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər öz arzuları ilə Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz  hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmək üçün Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzinə müraciət edə bilmələri istiqamətində də tədbirlər davam etdirilir.

Eyni zamanda, Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əsasən ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara, Azərbaycan Respublikasının vətəndaşı ilə nigahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə  iş icazəsinin alınması tələb olunmur.    Söhbətin bu yerində bir haşiyə çıxım ki, 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 231 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmişdir. Onlardan 196 nəfəri vətəndaşlığı olmayan şəxs, 19-u Rusiya Federasiyasının, 7 nəfəri Gürcüstanın və qalanları isə digər ölkələrin vətəndaşları olmuşlar.

Qaldı ki, Miqrasiya Məcəlləsi nə qədər mükəmməl olsa da qanunvericiliyin təkmilləşdirilməsinə hər zaman ehtiyac yaranır.

Elektron Xidmət işinin təşkili ümumiyyətlə hansı səviyyədədir? Onlayn müraciətlərin cavablandırılması, hər bir  fərdi müraciətə yanaşma barədə istərdik fikrinizi öyrənək.

 

- Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsi yaradılmışdır. Hazırda istənilən şəxsin elektron xidmət bölməsindən maneəsiz, sərbəst istifadəsi, həmçinin elektron qaydada qəbul edilən sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edililir. Qeyd etmək istərdim ki, ötən il Xidmətin elektron ünvanına daxil olmuş 2111 sual   müvafiq qaydada cavablandırılmışdır.

Bilirsiz ki, Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə miqrasiya sahəsində Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) yaradılmış, əsasnaməsi təsdiq edilmiş və onun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri ilə inteqrasiyası təmin olunmuşdur. VMMS ölkədə qanunsuz miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmin olunması sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradılmasına imkan verməkdədir.

Həmçinin “ASAN xidmət” mərkəzlərində də Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşama icazəsinin, o cümlədən iş icazəsinin verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və müvafiq icazə vəsiqələrinin verilməsi həyata keçirilməkdədir.

Qeyd edim ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fəaliyyətində daim ölkə başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyyələrini rəhbər tutmuş, işini ən müasir tələblər səviyyəsində qurmağa çalışmışdır.

 

Ümumiyyətlə miqrasiaya prosesinin idarə olunmasını, tənzimlənməsini həyata keçirən bir orqan kimi həm də prosesə dövlət nəzarətini də Sizin rəhbərlik etdiyiniz Xidmət həyata keçirir.  Dövlət nəzarəti işinin təşkili haqqında nə deyə bilərsiniz, hansı yeniliklər var?

- Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu aparılır və ölkəyə gələn əcnəbilər barədə məlumatlar toplanaraq nəzarətdə saxlanılır.

Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda, Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə, yaxud miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda onların Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.

Bir neçə fakta istərdim ki, diqqət çəkək. 2013-cü il ərzində Azərbaycana gəlmiş əcnəbilərin təxmini sayı 900 min nəfər təşkil etmişdir. Bu kifayət qədər böyük bir rəqəmdir.  Ötən il 430.519 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmış, 46.153 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 3.125 şəxsə daimi yaşama icazələri verilmiş, 874 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmışdır. Bununla yanaşı, 33.783 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyənləşdirilmişdir. Əsas olduğu üçün onlardan 3.465 nəfərinin ölkə ərazisində yaşamaları leqallaşdırılmışdır. Xatırladım ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və icazə alınması ilə bağlı digər əsaslar olmadıqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizin ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir. Həmçinin Miqrasiya Məcəlləsinin tələbinə görə  əcnəbi 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda, yaxud ölkəmizdə müvəqqəti yaşadığı dövrdə  gəlişinin bəyan edilmiş məqsədini pozduqda da ona müvəqqəti yaşamaq üçün icazə verilmir, yaxud əvvəl verilmiş icazə ləğv edilir.

Ötən il 28.184 nəfərin barəsində ölkə ərazisini tərk etməklə bağlı qərar verilmiş, 40 ölkədən olan 1.968 nəfər isə inzibati qaydada Azərbaycanın hüdudlarından çıxarılmışdır. Həmçinin ölkə ərazisində qanunsuz yaşayan, eləcə də qaçqın statusu almaq niyyətində olan şəxslər hüquqi statusları müəyyənləşənədək qanunda göstərilən müddətə kimi Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində beynəlxalq standartlara uyğun Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərində yerləşdirilir, qanunamüvafiq tədbirlər görülür, müvafiq qərarlar qəbul olunur.

Miqrasiya Məcəlləsində Azərbaycan Respublikasının ərazisində olmalarının arzuolunmaz hesab edilməsi proseduru müəyyən edilmişdir. Bir daha onu da xatırladım ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin arzuolunmaz hesab edilməsinin 5 il müddətinə müəyyən edilməsi, müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilməsi və həmin şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi miqrasiya orqanları tərəfindən həyata keçirilir. Əlbəttə, deyə bilmərik ki, bu gün Respublikamızda müvəqqəti olma və yaxud ölkədə müvəqqəti və daimi yaşama qaydalarını pozan, etibarsız sənədlərlə yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan qeyri-leqal miqrantlar yoxdur. Dünyanın bütün ölkələrində qanunsuz miqrasiya halları var. Əsas məsələ bu arzuolunmaz halın qarşısını almaq və qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparmaqdır.

 

 Miqrant axını dünya ölkələrində iki faktora görə həmişə narahatlıq yaradır: birincisi milli təhlükəsizlik, ikincisi əmək bazarının qorunmasıdır. Sizin rəhbərlik etdiyiniz Xidmət bu işlərin öhdəsindən necə gəlir?

- Əlbəttə bir daha qeyd etmək istəyirəm ki, hər bir dövlət milli təhlükəsizlik maraqlarını təmin etmək, eləcə də daxili əmək bazarını qorumaq üçün qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparır. O cümlədən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti də nəyin bahasını olursa olsun xalqımızın, dövlətimizin maraqlarını müdafiə etməyə borcludur və xüsusi vurğulamaq istəyirəm ki, Xidmət bunu edə bilir. Çünki dövlətimiz bu sahəyə  hər zaman diqqət  yetirir və bu qayğı bizə imkan vermişdir ki, biz mobil, çevik, güclü bir sistem, mexanizm yaradaq.  

Azərbaycan Respublikası  digər ölkələr kimi öz sərhədləri daxilində  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma, yaşama və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün prosedur qaydalarını müəyyən etmişdir. Bu şərtlərə, qaydalara əməl etmək isə hər bir əcnəbinin borcudur, əks halda onsuz da qanunsuz miqrasiyaya qarşı mübarizə qanunlarımızın tam gücündən istifadə edilməklə həyata keçirilir.

Qeyd edim ki, Dövlət Miqrasiya Xidməti miqrantların hüquqlarının qorunmasına xüsusi önəm verir. Hüquqlarını bilməyən, ölkədə olmasını leqallaşdırmayan miqrantlar hər an insan alveri qurbanı olmaq təhlükəsi ilə qarşılaşa bilərlər. Bu zaman qanunun tələblərinə riayət etməyən miqrantların hüquqlarını qorumaq müşkül bir məsələyə çevirilir. Məhz bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinə, Xidmətin Regional İdarələrinə müraciət edib ölkə ərazisində müvəqqəti olmalarını, yaşamalarını leqallaşdırmalı, fəaliyyətlərini qanuni əsaslarla həyata keçirməli, bu sahədə mövcud olan qanunlarımızı bilməli və ona riayət etməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Insan Alverinə Qarşı Mübarizə üzrə 2009-2013-cü illəri əhatə edən Milli Fəaliyyət Planı”na əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə insan alverinin, qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr barədə ictimaiyyəti maarifləndirmək və məlumatlandırmaq məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi həvalə edilmişdir. Dövlət Miqrasiya Xidməti Milli Fəaliyyət Planına uyğun olaraq bu sahədə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirmişdir.

 

Ötən il miqrasiya axınının monitorinqi barədə maraqlanmaq istərdik. Monitorinqə görə əcnəbilərin Azərbaycana marağı necədi, təsnifatlaşdırsaq hansı kateqoriyadan olan miqrantlar çoxluq təşkil edir?

- Bu yaxınlarda BMT-nin 2013-cü ildə gənclərin vəziyyəti və xüsusi ilə gənc miqrantların müasir dünyaya verdiyi töhfələr və onların qarşılaşdığı çağırışlarla bağlı hesabatı açıqlanmışdı. Hesabata əsasən bu gün dünyada 232 milyon miqrant var. Onların 30 faizi 29 yaşdan aşağı olan gənclərdir. Bizim ölkəyə də miqrant axını ilə bağlı mövcud vəziyyət dünya üzrə bu statistikadakı rəqəmlərlə demək olar ki, üst-üstə düşür. Çünki bilirsiniz ki, ölkəmizdə xeyli əcnəbi tələbə müxtəlif ali məktəblərdə təhsil alır. Bundan əlavə adətən öz həyatını qurmaq üçün insan başqa ölkələrə gənc yaşlarında üz tutur. Bir daha qeyd edim ki, insanlar əsasən iqtisadi cəhətdən inkişaf etmiş, tolerantlığın bərqərar olduğu, sabitliyin hökm sürdüyü ölkələrə miqrasiya edirlər. Azərbaycana miqrant axını onu deməyə əsas verir ki, Respublikamızın inkişafı, mövcud vəziyyət xaricdən də aydın görünür. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatındakı sıçrayış əcnəbilərin Azərbaycana marağını son illər xüsusilə artırmışdır. Fərəhli haldır ki, bu gün dünyanın müxtəlif dövlətlərindən əcnəbilər ölkəmizə təşrif buyururlar. Amma faiz etibarilə üstünlük Türkiyə və Rusiya, Gürcüstan vətəndaşlarına aiddir. Hazırda mən bir neçə  rəqəmi diqqətinizə çatdırmaq istərdim. Ötən il Azərbaycana gələn təxminən 900 min əcnəbinin 47,3 faizi Rusiya Federasiyasının, 15,9 faizini Gürcüstanın, 11,5 faiz Türkiyənin, yerdə qalanı isə bütün qitələri əhatə etməklə ayrı-ayrı ölkələrin payına düşür.

Qaldı ki, əməkçi miqrant məsələsinə. Bəli, ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə işəgötürənlər vasitəsilə iş icazələrinin verilməsi də Dövlət Miqrasiya Xidmətinin səlahiyyətindədir. Nəzərinizə çatdırım ki, ümumiyyətlə əmək miqrasiyası proseslərinin tənzimlənməsi və idarə olunması ölkənin iqtisadi təhlükəsizliyinin təmini və daxili əmək bazarının qorunuması məqsədini daşıyır. Azərbaycan Respublikasının əmək bazarında xarici işçi qüvvəsinin iştirakının tənzimlənməsi və nəzarət işinin gücləndirilməsi məqsədi ilə bu sahədə olan mövcud qanunvericilik aktlarına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Daxili əmək bazarı və işçi qüvvəsinə tələbat nəzərə alınmaqla iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli qərarına əsasən “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. 2013-cü il üçün müvafiq qaydada müəyyənləşdirilmiş 12.000 kvota üzrə  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 11.938 əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə iş icazəsi verilmişdir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əsasən tikinti, neft-qaz, yəni enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təsərrüfatı, turizm, avtomobillərin təmiri sahələrində çalışırlar.

Ölkəmiz günü-gündən inkişaf edir, regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilmir. Iri layihələrdən biri də Avropanı və Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir ki, 2015-ci ildə başa çatdırılması planlaşdırılır. Təbii ki, bu layihə də Azərbaycana miqrasiya edənlərin palitrasını xeyli zınginləşdirəcək.

Müsahibəyə görə təşəkkür edirəm.

Çox sağ olun, mən də fürsətdən istifadə edib Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin  yaradılmasının 7-ci ildönümü və miqrasiya qulluqçularının peşə bayramı, həmçinin Novruz bayramı münasibətilə bütün miqrasiya prosesi iştirakçılarını təbrik edirəm. Sizə də uğurlar arzulayıram!

(Müsahibə “Respublika” qəzetinin 19 mart 2014-cu il tarixli 058 (4931) nömrəli sayında dərc edilmişdir)

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur