İşəgötürənlərin 2025-ci ildə əcnəbi işçi qüvvəsinə olacaq tələbatı barədə proqnoz-məlumatları cari ilin may ayının 1-dək təqdim etməsi barədə


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli, 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən “İşəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyən etmək məqsədilə əcnəbi işçi qüvvəsini cəlb etmək niyyətində olan işəgötürənlər hər il may ayının 1-dək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə (www.azstat.org/tesnifat) əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim edirlər”. Göstərilən normativ sənədin 3.2-ci bəndində təsbit olunmuşdur ki, “Bu Qayda ilə müəyyən olunmuş əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat forması Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdirilir və onlayn rejimdə qəbul edilir”. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən proqnoz-məlumatlar, məlumat təqdim etmiş işəgötürənlərin sayı göstərilməklə, Məşğulluq Təsnifatı üzrə peşələr də daxil olmaqla, iqtisadi fəaliyyət növləri üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ümumiləşdirilir.

          Bu baxımdan, növbəti ildə ölkəyə gətiriləcək əməkçi miqrantların sayını proqnozlaşdırmaq məqsədilə, müəssisənizin 2025-ci ildə əcnəbi işçi qüvvəsinə olacaq tələbatı barədə proqnoz-məlumatlar cari il may ayının 1-dək Dövlət Miqrasiya Xidmətinə göndərilməlidir. Məlumat üçün bildiririk ki, əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumatların qəbulu  tam elektronlaşdırılıb. Bu səbəbdən hüquqi və fiziki şəxslər tərəfindən ASAN imza ilə qeydiyyatdan keçərək qeyd olunan məlumatların təqdim edilməsi yalnız elektron qaydada (elektron xidmətlər vasitəsi ilə) həyata keçirilir. Bu məqsədlə, “ASAN İmza”-dan istifadə edərək Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində (www.migration.gov.az) təqdim edilən elektron xidmətlər (“əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat” bölməsi) vasitəsilə məlumat göndərilməlidir. (Əməkçi miqrantlara dair proqnoz-məlumatların elektron qaydada yerləşdirilməsi metodikası barədə video təlimat)

           Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2023-cü il 15 sentyabr tarixli, 329 nömrəli “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərarına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən işəgötürənlər də əmək fəaliyyətinə cəlb etdikləri əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim etməlidir. (İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər tərəfindən növbəti il üçün proqnoz-məlumatların təqdim edilməsi bu kateqoriya müəssisələrə kvota tətbiq edilməsi demək deyil). Bu baxımdan, müəssisənizin 2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə cəlb olunacaq əcnəbi işçi qüvvəsinə tələbatı barədə proqnoz-məlumatın verilməsi xahiş edilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur