Azərbaycanda miqrasiya proseslərinin yüksək səviyyədə idarə olunması əcnəbilərin ölkəmizə marağını artırıb
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 9 il ötür. AZƏRTAC bu günlə, eləcə də ölkəmizdə miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi sahəsində görülən işlərlə bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin məqaləsini təqdim edir.
Ötən dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası” qəbul edilib. Bu Konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2006-cı il iyulun 25-də “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında (2006-2008-ci illər)” Azərbaycan Prezidentinin Sərəncamı imzalanıb. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb.
Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli Sərəncamına əsasən isə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Dövlətin və cəmiyyətin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından Azərbaycan tarixin mühüm dönəmini yaşayır. İqtisadiyyatın inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması uğurla davam etdirilir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin olunur.
Bəli, respublikanın davamlı inkişafı və təhlükəsizliyinin təmin edilməsi milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini zəruri edib. Bu gün Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilməkdə, miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülməkdədir.
Prezident İlham Əliyevin dediyi kimi, “Bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi, lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda, bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın”.
Dövlət Miqrasiya Xidmətinin əsas qayəsi işdə qanunların aliliyinə ehtiram, Vətənə sədaqət, hər bir insana qayğı, ən başlıcası isə milli mənəvi dəyərlərə hörmətdir.
Bu gün əminliklə deyə bilərik ki, qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin, iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımı tədbirlər Xidmət tərəfindən müvəffəqiyyətlə icra olunmaqdadır. Çünki Prezident İlham Əliyev bu Xidmətin qarşısında qoyduğu vəzifələrdən biri də odur ki, “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”.
Ötən il müraciətlər əsasında 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb, 53 min 200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilib.
Dövlət Miqrasiya Xidmətinin yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilib, bir sıra təşkilati tədbirlər həyata keçirilib.
Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib və həmin dövrdən etibarən Xidmət tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılıb.
Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, sənədləşmənin sadələşdirilməsinə xidmət edən tədbirlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2009-cu il 4 mart tarixli Fərmanı olub. Həmin Fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmininə və həllini gözləyən problemlərin aradan qaldırılmasına səbəb olub. Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılıb və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilib.
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il aprelin 8-də imzaladığı Fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq mühafizə orqanı statusu verilib.
Bundan əlavə, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli qanunu ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında əsasnamə” və Azərbaycan Prezidentinin 2010-ci il dekabrın 13-də imzaladığı Fərman ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında əsasnamə” təsdiq edilib.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə ictimaiyyətinin ətraflı məlumat almaları üçün 2008-ci il noyabrın 3-də Xidmətin internet səhifəsi (www.migration.gov.az) istifadəyə verilib. Xidmətin rəsmi saytı bu il tamamilə yenilənib, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilib, zamanın tələbinə uyğunlaşdırılıb. 2008-ci il dekabrın 1-dən isə Dövlət Miqrasiya Xidmətinin üç dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən Miqrasiya Məlumat Mərkəzi yaradılıb. Bu Mərkəzin də fəaliyyəti yenidən qurulub, texniki imkanları genişləndirilərək xidmətin keyfiyyəti yüksəldilib. Təkcə ötən il Xidmətin Çağrı mərkəzinə 99 min 439 telefon zəngi daxil olub.
2010-cu ildə isə Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində dərc edilən ilk mətbu nəşri – “Miqrasiya” jurnalı işıq üzü görmüşdür və jurnalın nəşri mütəmadi qaydada təşkil olunur. Jurnalda Azərbaycanın miqrasiya tarixi, miqrasiya siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi mövzularına, miqrasiya prosedur qaydalarına geniş yer verilir.
Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2010-cu il 4 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi haqqında Əsasnamə”yə uyğun olaraq miqrasiya sahəsində vahid informasiya sistemi - Vahid Miqrasiya Məlumat Sistemi (VMMS), onun “Giriş–çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat–axtarış sistemi və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri ilə inteqrasiyası təmin olunub. VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri–qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradıb.
Eyni zamanda, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı”na əsasən miqrasiya sahəsində normativ hüquqi aktlarda müəyyən boşluqların aradan qaldırılması, qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə daxilində statuslarının müəyyənləşdirilməsi ilə bağlı prosedurların daha da sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi hazırlanıb, Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli qanununa əsasən qəbul edilib və 2013-cü il avqustun 1-dən qüvvəyə minib.
Ötən dövrdə milli qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, həmçinin mövcud inzibati prosedurların sadələşdirilməsi, xidmət göstərilən kontingentin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluq səviyyələrinin artırılması və bu yolla ölkəmizin beynəlxalq arenada imicinin yüksəldilməsi məqsədilə bir sıra addımlar atılıb, miqrasiya qanunvericiliyinə əlavə və dəyişikliklər edilib. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli qanununa əsasən Azərbaycan Respublikasında 3 gündən artıq deyil, 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmçinin Məcəlləyə edilmiş yeni dəyişikliklərə əsasən, dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə olduğu yer üzrə qeydiyyata alınmaları barədə Azərbaycan, rus və ingilis dillərində müvafiq bildirişlər verilir.
Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli qanunu ilə də Miqrasiya Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilib. Həmin qanunla Məcəlləyə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanması qaydaları” adlı yeni fəsil əlavə edilib. Bundan əlavə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması üçün poçt vasitəsilə müraciətləri zamanı yaranmış problemlər nəzərə alınaraq, Miqrasiya Məcəlləsinə 2015-ci il 24 fevral tarixli qanunla edilmiş dəyişikliyə əsasən 2015-ci il aprelin 1-dən artıq poçt vasitəsilə müraciət ləğv olunub.
Dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu əminliklə söyləmək mümkündür. Statistikaya əsasən, 2015-ci ildə də Azərbaycanda iqtisadi artım təmin edilmişdir. Ölkə üzrə ümumi daxili məhsul istehsalı 50 milyard dollar təşkil edir. Əlamətdar haldır ki, bu artım əsasən qeyri-neft sektorunun hesabına əldə olunub. 2015-ci ildə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Ölkə iqtisadiyyatına bütün mənbələrdən 20 milyard dollar sərmayə qoyulub ki, onun da 9 milyardı daxili, 11 milyardı xarici sərmayələr olub. Bu da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır.
Məlum olduğu kimi, Miqrasiya Məcəlləsinə əsasən, dövlətimizin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500 min manat investisiya qoyan əcnəbi şəxslərə üç ilədək müddətə müvəqqəti yaşamaq üçün icazə verilir. Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi. Amma hazırkı qanunvericiliklə bu məhdudiyyət də aradan qaldırılıb.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial istiqamət həmişə prioritet olub, dünyada yaşanan iqtisadi təbəddülatların Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün lazımi preventiv addımlar atılıb. Məhz buna görə də sosial proqramların icrasında ləngimə yoxdur. Sosial infrastrukturun yaradılmasına ayrılmış vəsait hesabına ölkədə neçə-neçə məktəb, uşaq bağçası tikilib və ya əsaslı təmir edilib. Son illər ölkə üzrə müasir standartlara uyğun tikilmiş və ya əsaslı təmir olunmuş tibb müəssisələrinin sayı isə 600-ə yaxındır.
Qürurlu haldır ki, bu gün Azərbaycanın adı “ən yaxşı ölkələr”, Azərbaycan ordusu dünyanın güclü orduları siyahısında qərarlaşıb.
Bu gün hər birimiz doğma Azərbaycanımızın sürətli və hərtərəfli inkişafının şahidiyik. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir. Son illər respublikamızda bütün sahələrdə böyük nailiyyətlər əldə olunur. Yeni müəssisələr yaradılır, iş yerləri açılır, nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində fundamental addımlar atılır. Hər bir vətəndaşın maddi rifahının yaxşılaşdırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi inkişafın əsas meyarlarından olan azad rəqabətə geniş imkanlar açır. Tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alır. Bir sözlə, uğurlar iqtisadi, siyasi, sosial, eləcə də enerji layihələri və digər sahələri əhatə edir. Ötən il ölkədə 87 min yeni iş yeri yaradılıb. 2004-cü ildən bu günədək açılmış yeni iş yerlərinin sayı 1,5 milyona çatıb ki, onun da böyük əksəriyyəti daimi iş yerləridir.
Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanuna müvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlətimizin başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq, Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyənləşdirilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Dövlət Miqrasiya Xidməti milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ, rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq, yüksək ixtisaslı əcnəbi işçilərin cəlb olunması mexanizminin yaradılmasına dair müvafiq tədbirlər görməkdədir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə də nəzarət gücləndirilir. Bu istiqamətdə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin transmilli neft-qaz layihələrində təmsil olunan şirkətlərin rəhbər heyəti ilə görüşlər keçirilib, həmin şirkətlərdə milliləşdirmə üzrə öhdəliklərin icra vəziyyəti müzakirə edilib.
Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti və vətəndaşların dövlət qarşısında məsuliyyətini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşlıq sahəsində qanunvericiliyinə dəyişikliklər edilib. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli qanununa və həmin qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli Fərmanına əsasən, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən müvafiq icra hakimiyyəti orqanı kimi müəyyən olunub. Daha sonra isə həmin fərmanın 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli qərarı ilə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib. Həmin qərar 2015-ci il aprelin 10-da dərc olunduqdan sonra qüvvəyə minib. Həmin qayda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Bu Qayda hazırlanarkən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli konvensiyanın və digər beynəlxalq konvensiyaların tələbləri nəzərə alınaraq, vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlər əsas istiqamətlər kimi qeyd olunub. Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir.
Məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən indiyədək 1434 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Bununla belə, bu müddətdə 36 min 467 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli qanunu ilə Cinayət Məcəlləsinə olunan dəyişikliklərə görə, xarici dövlətin vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Qeyd edim ki, şəxs bu barədə Azərbaycan Respublikasının ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsilə Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Ərizə-anketin nümunəsi www.migration.gov.az - Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. Məlumat verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılırlar. Qeyd edilənlər 2014-cü il iyulun 1-dən digər ölkənin vətəndaşlığını əldə etmiş Azərbaycan Respublikasının vətəndaşına şamil olunur.
Xatırladaq ki, ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 270 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib. Vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər təntənəli şəraitdə dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə and içiblər. Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a 2014-cü il 30 dekabr tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən ilk dəfə keçirilib.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, yaradılmış və Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində də Dövlət Miqrasiya Xidməti tərəfindən bir neçə xidmət növü təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli Fərmanı ilə bu xidmətlər siyahısına şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması da daxil edilib.
Ötən dövrdə beynəlxalq əməkdaşlıq daha da genişləndirilib, ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilib, ölkələrarası dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra əhəmiyyətli addımlar atılıb.
Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqin ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu təşkilatın baş direktorunu qəbulu zamanı ölkəmizdə miqrasiya sahəsində görülmüş işlər, miqrasiya proseslərinin tənzimlənməsində Dövlət Miqrasiya Xidmətinin nümunəvi fəaliyyətinin qeyd olunması və həmin qurumla Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr xüsusi vurğulanmalıdır. Belə ki, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq Azərbaycan Respublikası Prezidentinin qəbulunda olarkən söyləmişdir: “Mən Sizin rəhbərliyinizlə ölkənizdə sözün həqiqi mənasında həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”.
Ötən il Azərbaycan nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə Miqrasiya üzrə Beynəlxalq Dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda yüksək səviyyəli konfransda iştirak edib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təşkilatçılığı ilə Cenevrədə keçirilən “Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusuna həsr edilmiş növbəti - 8-ci yüksək səviyyəli dialoq da çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əlverişli imkanlar açıb.
Bəli, həqiqət budur ki, bu gün dünyada daha çox miqrant böhranından danışılır. Xarici müdaxilədən əziyyət çəkən, xüsusən Yaxın Şərqdən insanlar özlərinin, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün, qaçqın vəziyyətinə düşüblər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşır, böyük təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Təəssüf ki, həmin insanlara münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Orada onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır.
Məlum olduğu kimi, Azərbaycan da 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşib. Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox insan öz yerlərindən, yurdlarından didərgin düşüb. Azərbaycan o böhranın öhdəsindən demək olar ki, təkbaşına gəldi. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsandan çox qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçüb.
İkitərəfli münasibətlərin gücləndirilməsi, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, qanunvericiliyə edilmiş dəyişikliklər barədə fikir mübadiləsinin aparılması məqsədilə xarici dövlətlərin ölkəmizdəki səfirləri və müvafiq qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də beynəlxalq səviyyəli ekspertlərlə, həmçinin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu, Kaspian Enerji Beynəlxalq mətbuat qrupunun və Amerika Ticarət Palatasının üzvləri ilə ayrı-ayrı vaxtlarda keçirilən görüşlər də Dövlət Miqrasiya Xidməti üçün yaddaqalan olub.
Bundan əlavə, 2014-cü il fevralın 28-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanıb. Saziş 2014-cü il sentyabrın 1-dən qüvvəyə minib və onun icrasına məsul səlahiyyətli milli qurum kimi Dövlət Miqrasiya Xidməti müəyyənləşdirilib. Ötən dövrdə sazişin icrası, readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyası ilə bağlı əsaslı işlər görülüb.
Qeyd edilən bütün bu müsbət amillər, yəni həm miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə son illər qanunvericiliyə edilmiş dəyişikliklər, həm də onun tətbiqi sahəsində atılmış bir sıra addımlar, həyata keçirilmiş əsaslı tədbirlər ölkəmizi əcnəbilər üçün daha cəlbedici məkana çevirib. Prezident İlham Əliyevin dəstəyi ilə Dövlət Miqrasiya Xidməti tərəfindən miqrantların ölkədə qanuni əsaslarla olmaq və yaşamaq, işləmək, təhsil almaq hüquqlarını həyata keçirmələri üçün göstərilən xidmətlərin səviyyəsi də ildən-ilə artırılır. On bir elektron xidmətin, həmçinin dövlət proqramlarında icrası Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi ilə bağlı portalın istifadəyə verilməsi deyilən fikrin əyani nümunəsidir.
Bu gün Azərbaycana təşrif buyuran əcnəbilərin ölkədə ilk müraciət etdiyi qurumlardan biri məhz Dövlət Miqrasiya Xidmətidir. Ölkədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qaçqın statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, eləcə də vətəndaşlıq məsələlərinin həlli ilə məşğul olan hüquq mühafizə orqanı statusunu daşıyan Xidmət həm də miqrasiya qanunvericiliyinin tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, miqrasiya proseslərinin mənfi təsirinin aradan qaldırılmasına, qeyri-qanuni miqrasiyaya qarşı səmərəli mübarizə tədbirlərini həyata keçirir. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26 min 567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb.
Ötən il “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq yaradılmış Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura fəaliyyətə başlayıb. Şura üzvləri ilə Xidmət rəhbərliyi tərəfindən bir neçə görüş keçirilib, təkliflər dinlənilib, müvafiq işlər görülüb.
Həmin Milli Fəaliyyət Planına uyğun olaraq, Xaçmaz Regional Miqrasiya İdarəsinin (RMİ) xidməti ərazisinə aid olan Qusarda, Gəncə RMİ-nin xidməti ərazisinə aid olan Qazaxda, Şəki RMİ-nin xidməti ərazisinə aid olan Qaxda, Şirvan RMİ-nin xidməti ərazisinə aid olan Hacıqabulda, Ağsu RMİ-nin xidməti ərazisinə aid olan Şamaxıda “Açıq qapı günü”-vətəndaş forumları, Yevlax RMİ-nin xidməti ərazisinə aid olan Ağdaşda və Mingəçevirdə, Şəki RMİ-nin xidməti ərazisinə aid olan Zaqatalada isə əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə səyyar xidmətlər təşkil edilib.
Qeyd edək ki, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ümumilikdə 105 min 550 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Həmçinin ötən il ölkədə qalma müddətinə müvafiq olaraq, respublikamıza girişi qeydə alınmış əcnəbilərdən 670 min 326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Ümumiyyətlə, Xidmətə müraciət edənlərin məmnunluğunun təmin olunması, məsuliyyətlilik, operativlik və şəffaflıq əsas meyardır.
Əlbəttə, əldə olunan uğurların əsasını xidmətdə kadr siyasəti təşkil edir. Ötən il xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 28 əməkdaş yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib, yaxşı iş göstəricilərinə nail olan 248 əməkdaşın əməyi fərqləndirilib.
Hazırda istər sosial-iqtisadi, istərsə də hərbi sahədə Azərbaycanın potensial imkanları kifayət qədər böyükdür. Dövlət Miqrasiya Xidməti ulu öndər Heydər Əliyev ideyalarına sadiq olaraq, həm 2016-cı ildə, həm də sonrakı dövrdə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli inkişaf strategiyasının reallaşdırılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına, iqtisadi təhlükəsizliyin, milli maraqların və sabitliyin təmin olunması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinə töhfə vermək əzmindədir.
Firudin Nəbiyev
Dövlət Miqrasiya Xidmətinin rəisi,
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri