Turistik məkanlar

İçərişəhər

Bakının mərkəzində 22 hektarlıq ərazidə yerləşir və qala divarları ilə əhatə olunur. İçərişəhərdə bir neçə muzey, 18 otel, 100-dən artıq ticarət və iaşə obyekti fəaliyyət göstərir. İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib.

 

Qız qalası

XII əsrdə inşa olunmuşdur. Passiv müdafiə məqsədilə tikilmiş qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir.

 

 

Şirvanşahlar sarayı

Şirvаn hаkimlərinin iqаmətgаhı olan saray XIII əsrdə Şamaxıda baş vermiş zəlzələdən sonra pаytахtın Bаkıyа köçürülməsi nəticəsində ucаldılmışdır. Sаrаy kompleksi hər biri öz memarlıq strukturu və xidmət funksiyasına görə seçilən 9 tikilidən ibаrətdir. 1954-cü ildən “Şirvаnşаhlаr Sаrаyı Kоmplеksi” Dövlət Tаriхi Mеmаrlıq Qоruq Muzеyinə çеvrilmişdir.

 

Heydər Əliyev Mərkəzi

İnşasına 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən başlanılmış, açılış mərasimi 10 may 2012-ci ildə baş tutmuşdur. 2014-cü ildə ilin dizaynı mükafatını almışdır. Mərkəzdə konqres mərkəzi, muzey, sərgi zalları vardır. Mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmamışdır. Binanın quruluşu postmodernizm, o cümlədən davamlılığı və sonsuzluğu təcəssüm etdirir. Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır.

 

Heydər Məscidi

2014-cü ildə inşa olunan məscid 12 min m2 sahəni əhatə edir. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmiş və 95 metr hündürlüyündə 4 minarə inşa olunmuşdur. 26 dekabr 2014-cü il tarixdə məscidinin açılışı olmuşdur.

 

Dənizkənarı Milli Park

Paytaxt sakinlərinin, eləcə də qonaqların dincəlmək və əylənmək məqsədilə ən çox üz tutduğu əsas məkanlardandır. Ərazisinin böyüklüyünə görə Avropada ikinci yerdə olan Bakı Bulvarı 29 dekabr 1998-ci ildə Milli Park statusu almışdır. Hazırda bulvarın uzunluğu 16 kilometrdir. Burada müntəzəm olaraq fayton və dəniz gəzintiləri təşkil edilir. Milli Parkda müxtəlif karusel və attraksionlar fəaliyyət göstərir.

 

Dağüstü park

Bakının mərkəzində yerləşən Dağüstü park paytaxtın ən gözəl parklarından biri sayılır. Parkın xalq arasında geniş yayılan daha biri adı – Baxış meydançasıdır. Bu məkanın unikal cəhəti ərazisindən şəhərin füsunkar mənzərəsinin izlənilə bilməsidir. Dağüstü parkda Azərbaycan İstiqlal Muzeyi, eləcə də 1990-cı il 20 Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların uyuduğu Şəhidlər xiyabanı yerləşir.

 

Azərbaycan Xalça Muzeyi

1967-ci ildə əsası qoyulmaqla, dünyada xalçaların toplanması, qorunması və öyrənilməsi sahəsində ilk ixtisaslaşmış muzeydir. Onun kolleksiyasına 14 minə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir. 2014-cü ildə Xalça muzeyinin dördmərtəbəli yeni binası fəaliyyətə başlayıb. Müəllifi tanınmış avstriyalı memar Frans Yants olan muzey binasında Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalçaların geniş çeşidi təqdim edilir. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13.300-dən artıq eksponat saxlanılır.

 

Alov Qüllələri

Üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Xarici görünüşü alova bənzəyir. Bakının ən hündür binası hesab edilən Alov Qüllələrinin hündürlüyü 190 metr, ümumi sahəsi 235 min kvadrat metrdir. Tikiliyə yataqxanalar, mənzillər və ofislər daxildir. İnşası 2012-ci ildə tamamlanmışdır.  Alov qüllələri 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin "Ən yaxşı otel və turizm mərkəzi" nominasiyasının qalibi elan edilmişdir.

 

Bakı Kitab Mərkəzi

Bakı Kitab Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. 2018-ci il avqustun 28-də mərkəzin açılış mərasimi keçirilib.Sahəsi 2500 kvadratmetrə yaxındır.Mərkəzdə oxu zalı, görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçiriləcəyi məkan və elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.Mərkəzdə Azərbaycan və digər xalqların dillərində dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, musiqi kitabları və notlar satılır.

 

Atəşgah Məbədi

Atəşgah Abşeron yarımadasında Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi alovların yerində inşa edilib. Odlar Yurdunun heç vaxt sönməyən bu əbədi məşəlində küləklə odun ecazkar rəqsinə tamaşa etməkdən zövq alacaqsınız. Unikallığına görə dünyanın möcüzəvi tarixi məkanlarından biri hesab edilən Atəşgah məbədi 2007-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub.

 

Qobustan

Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu Qobustan abidələrindən salın.
Bakıdan 56 kilometr cənubda - Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan ətəklərində yerləşən Qobustan Dövlət Bədii Qoruğunun sahəsi 3000 hektardan artıqdır. Burada əsasən Mezolit dövrünün abidələri sərgilənir. 10-12 min il əvvəl çəkilmiş qaya rəsmləri sizi uzaq keçmişə aparacaqdır. Burada siz bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti ilə yaxından tanış olmağa imkan əldə edəcəksiniz.Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi sizi heyrətləndirəcək. Bugünə kimi qoruq ərazisində 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib.

 

Şəki xan Sarayı

Bakıdan 305 km məsafədə yeləşən Şəki şəhəri təbiəti, tarixi memarlıq abidələri, eləcə də ləziz mətbəxi ilə qonaqlarda unudulmaz təəssüratlar yaradır.  XVIII əsrə aid Şəki xan Sarayı Məhəmmədhəsən xan tərəfindən inşa etdirilib. Sarayın memarlıq ansamblı, şəbəkələri göz oxşayır. Şəbəkə sənətinin əsas xüsusiyyəti burada özünü bütün mükəmməlliyi ilə büruzə verir. Belə ki, binada mismar və yapışqandan istifadə edilməyib, ağac və şüşə parçaları bir-birinə keçirilərək bərkidilib. Buradakı ornamentlər, müxtəlif naxışlar, oymalar, rənglərin ahəngi binanın gözəlliyinə xüsusi rəng qatır. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlara qərq edilib.

 

Şəki Karvansarayı

XVIII əsrin daha bir dəyərli memarlıq nümunəsi Şəki Karvansarayıdır. Dərin zirzəmili ikimərtəbəli bina Şərq memarlıq üslubunun orijinal çalarları ilə zəngindir. Karvansarayın çarhovuzlu geniş həyətindən ikinci mərtəbəyə müxtəlif səmtlərdən daş pilləkənlərlə qalxmaq mümkündür. Keçmişdə qonaqların və tacirlərin sığınacağına çevrilən bu məkan hazırda karvansaray-mehmanxana kompleksi kimi istifadə edilir. Burada qonaqların və turistlərin rahatlığı üçün bütün şərait nəzərə alınıb.

 

Naxçıvan xan Sarayı

Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir.

 

 

Möminə xatun Türbəsi

1186-cı ildə məşhur Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş türbə Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindəndir. Naxçıvan şəhərinin tarixi mərkəzində-Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun Türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. El yaddaşında "Atabəy günbəzi" adlandırılır.

 

Yusif ibn Küseyir Türbəsi

Yusif ibn Küseyr türbəsi Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir. Xalq arasında "Atababa türbəsi" də adlanır. Türbənin üzərindəki kitabədə onun 1162-ci ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi  yazılır. 

 

Xınalıq kəndi

Quba şəhərindən 57 km cənub-qərbdə, paytaxtdan 225 km aralıda yerləşən bu kənd etnoqrafik bənzərsizliyi ilə seçilir. O, Qafqaz dağlarının uca zirvəsində amfiteatrı xatırladır. Kəndin  Xınalıq adı da elə onun təbiətinin füsunkarlığından yaranıb. Bu ad Günəş çıxdıqdan sonra dağın boyandığı rəngi ifadə edir. Qızıl Qaya, Şah, Tufan və Xınalıq dağlarının əhatəsində dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən 5000 illik tarixə malik bu kənd dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir. Kənd sakinləri mürəkkəb morfoloji struktura malik Xınalıq dilində danışırlar. 2007-ci ildən Xınalıq Dövlət Tarixi Memarlıq Etnoqrafiya Qoruğu elan edilib.

 

Qusar

Qusar rayonu dağlar və vadilər diyarı kimi səciyyələndirilir. 20 faizi meşələrlə örtülü olan rayonun fıstıq meşəsi xüsusi mühafizə edilir. Şahnabaz və Laza şəlaləri qeyri-adi mənzərəsi ilə insanları heyrətə gətirir. Rayonda tarixi abidələr, Şeyx Cüneyd məqbərəsi, qədim məscidlər  qorunub saxlanılmışdır. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri Qusar rayonu ərazisindədir.

Qusar şəhərindən 32 kilometr şimalda “Şahdağ” qış-yay turizm kompleksində insanların  xizək və digər qış idman növləri ilə məşğul olmaq,  asudə vaxtını xoş və mənalı keçirmək üçün əyləncə - oyun zonaları, istirahət qurşaqları, idman meydançaları var.

 

Qəbələ

Bakıdan 225 km məsafədə yerləşən qədim Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Mineral su bulaqları ürəkləri sərinlədən Qəbələ şəhəri klassik musiqisevərlərin də görüş yeridir.  Hər ilin yay mövsümündə Qəbələdə beynəlxalq əhəmiyyətli klassik musiqi festivalı keçirilir. Qəbələdəki qədim qalalar, məqbərələr, IX-XI əsrlərə aid qədim qüllə, Tarix-diyarşünaslıq Muzeyi tarixi öyrənmək istəyənlərin baş çəkməli olduğu yerlərdəndir.

Dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi Qəbələ şəhərindən təxminən 4 km aralıda yerləşir. Bu rekreasiya-turizm obyekti ölkəmizdə il boyu yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin edir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə xizəklə sürüşmək, uşaq istirahət mərkəzi, mehmanxana və digər xidmətləri təklif edir.

 

Lahıc

İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. İki dağın əhatəsində olması Lahıca təbii qala şəraiti bəxş edir.

XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam etdirilir.

 

Naftalan

Kiçik Qafqaz sıra dağlarının ətəklərində yerləşən Naftalan kurortu təbiətin insana olan sevgisinin ən bariz nümunəsidir. Naftalan nefti bir çox xəstəliklərin müalicəsində təsirli dərman kimi tətbiq olunur. Bakı şəhərindən 320 km uzaqlıqda olan kurortun yayı quru-isti, qışı mülayim isti keçir. "1001 dərdin dərmanı" olan Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qaraciyər xəstəliklərinin, oynaqların müalicəsində təsirli vasitə kimi bütün dünyada məşhurdur.

 

Gəncə

Gəncə şəhəri paytaxt Bakıdan 375-km qərbdə yerləşir. Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə qatar, avtonəqliyyat və ya  təyyarə ilə səfər etmək mümkündür.  Azərbaycan rəssamlarının ilham mənbəyinə çevrilən, gözəlliyi ilə dillərdə əzbər olmuş Göygöl də Gəncə şəhəri yaxınlığındadır. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göygöl yaranıb vəhazırda qoruq kimi fəaliyyət göstərir.

Gəncədən 45 km aralıda yerləşən Maralgöl də qonaqların sevimli istirahət yeridir.

Azərbaycan ədəbiyyatının görkəmli simaları  Nizami Gəncəvi, Əbül-Üla Gəncəvi, Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi, Mirzə Şəfi Vazeh kimi dahi mütəfəkkir və söz ustalarını dünyaya bəxş etmiş Gəncə şəhəri XII-XIII əsrlərdə Şərqin elm və mədəniyyət beşiklərindən olmuşdur. 

 

Yanar Bulaq Kompleksi

Kompleks Astara rayonunun Ərçivan qəsəbəsində yerləşir. Bulağın fərqləndirici xüsusiyyəti suyunun alovlanmasındadır. Əvvəllər bu hal möcüzə kimi qəbul edilsə də, elmi araşdırmalar nəticəsində suyun yanma səbəbinin tərkibində olan kükürdlə bağlı olduğu ortaya çıxmışdır. Bulağın maraqlı cəhətlərindən biri də yanarkən içildikdə orqanizmə hər hansı mənfi təsir göstərməməsidir. Tərkibində olan minerallar sayəsində sudan mədə-bağırsaq, dəri xəstəliklərinin müalicəsində istifadə olunur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur