newsPhoto

Dövlət Miqrasiya Xidməti Zaqatalada tədbir keçirib  

Dövlət Miqrasiya Xidməti tərəfindən dekabrın 21-də Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Zaqatalada “Azərbaycanda multikultiralizm –əcnəbilərin  cəmiyyətə  inteqrasiyası  və  onlar üçün  yaradılmış  şərait”  mövzusunda tədbir təşkil olunub.

Zaqatala şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində rayon hüquq  mühafizə  orqanları əməkdaşlarının, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə  nümayəndələrin, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin bələdiyyələrin və  ictimaiyyətin təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın multikultural bir cəmiyyət olduğu, multikulturalizmin azərbaycanlıların həyat tərzinə çevrilməsinin gerçəkliyi və bu dəyərlərin məntiqi nəticəsi olaraq ölkəyə gələn, burda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin cəmiyyətə inteqrasiyası üçün yaradılmış şərait  haqqında iştirakçılara məlumat verilib.

Bildirilib ki, miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Belə görüşlərin keçirilməsində də məqsəd miqrasiya ilə bağlı Azərbaycan vətəndaşlarının, istərsə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin suallarını birbaşa yerindəcə cavablandırmaq, müraciətlərinin həllini operativ təmin etmək, rəy və təkliflərini dinləməkdir. Çünki, ölkənin geostrateji mövqeyi, sosial-iqtisadi inkişafı, sabitlik, multikultural dəyərlərə verilən önəm, tolerantlıq Azərbaycanı əcnəbilər üçün cəlbedici edib. Görüşdə  həmçinin vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici söhbət aparılıb.

Miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 10 gündən artıq respublika ərazisində qalmaq istədikləri halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər. Qeydiyyat üçün regional miqrasiya idarələrinə - Bakı şəhəri, Atatürk prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya idarəsinə, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi 274b ünvanında yerləşən Gəncə regional miqrasiya idarəsinə, Yevlax şəhəri, Heydər Əliyev prospekti 99a/4 ünvanında yerləşən Yevlax regional miqrasiya idarəsinə, Lənkəran şəhər, Göyşaban kəndində yerləşən Lənkəran regional miqrasiya idarəsinə, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Ağsu regional miqrasiya idarəsinə, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 12-də yerləşən Şəki  regional miqrasiya idarəsinə, Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən Xaçmaz regional miqrasiya idarəsinə və Şirvan şəhəri, S.Zeynalov küçəsi 33 ünvanında yerləşən Şirvan regional miqrasiya idarəsinə birbaşa müraciət etməklə və yaxud Xidmətin rəsmi saytı, həmçinin elektron hökumət portalı vasitəsilə elektron qaydada müraciət oluna bilər. Həmçinin, Xidmət əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı fəaliyəti həyata keçirir.

Tədbirdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsində dünyada miqrasiya məsələləri bugünkü qədər aktual olmadığı bir vaxtda ölkəmizdə miqrasiya problemlərinin operativ və düşünülmüş şəkildə həlli üçün  düzgün miqrasiya siyasəti strategiyası müəyyən olunub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamıza qanuni əsaslarla rahat gəlmələrini, qalmalarını, yaşamalarını, işləmələrini, təhsil almalarını təmin edən mütərəqqi qanunvericilik bazası yaradılıb və fəaliyyəti beynəlxalq standartlara uyğun normativ hüquqi aktlarla tənzimlənən, müasir xidmət imkanlarına, peşəkar kadr potensialına malik Dövlət Miqrasiya Xidməti formalaşdırılıb.

Bir daha qeyd olunub ki, ölkəyə gələn və respublikamızda olan hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mütləq qaydada Azərbaycan Respublikasının ərazisində olmasını və yaxud yaşamasını leqallaşdırmalıdır.

Görüşün sonunda verilən suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur