newsPhoto

Qubada “Azərbaycanda multikulturalizm: miqrantlar üçün yaradılmış şərait” mövzusunda tədbir keçirilib

Miqrasiya   qanunvericiliyi  sahəsində  ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən Qubanın Qırmızı qəsəbəsində “Azərbaycanda multikulturalizm: miqrantlar üçün yaradılmış şərait” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Tariyel İbrahimov qanunvericiliyin təbliği məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən regional miqrasiya idarələrinin əhatə etdiyi xidmət ərazilərində keçirilən geniş maarfiləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, bu cür tədbirlərin davamlı olacağına əminliyini bildirib.

Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və gördüyü işlər, eləcə də vәtәndaşsızlıq hallarının aradan qaldırılması ilә bağlı həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verən Xaçmaz regional miqrasiya idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmov bildirib ki, ölkəmizdə hökm sürən sosial-iqtisadi inkişaf, sabitlik, təhlükəsizlik xaricdə Azərbaycana marağı ildən-ilə artırmaqdadır. Bunun əyani nümunəsi respublikamıza səfərə gələnlərin, burada yaşamaq, Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayındakı müsbət saldonun yaranmasıdır.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu Füzuli İsmayılovun “Azərbaycanda multikulturalizm: miqrantlar üçün yaradılmış şərait” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, əsrlər boyu Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır və müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə dözümlü münasibət azərbaycanlıların mentalitetinə xasdır. Məhz Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dövlətimizin nə qədər tolerant, dözümlülük prinsipləri əsasında idarə edildiyini bir daha sübut edir.

Qeyd edilib ki, 2007-ci ildə dünyada miqrasiya ilə bağlı indiki kimi gərgin bir vəziyyət olmadığı bir vaxtda Prezident İlham Əliyev gələcək inkişaf proseselərini qabaqcadan proqnozlaşdıraraq, miqrasiya ilə bağlı effektiv bir qurum - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini yaratdı ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər. Cənab Prezidentin göstərişi ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə ictimaiyyətinin ətraflı məlumat almaları üçün 2008-ci il noyabrın 3-də Xidmətin (www.miqration.gov.az) internet səhifəsi istifadəyə verilib. Xidmətin rəsmi saytı bu il tamamilə yenilənib, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilib, zamanın tələbinə uyğunlaşdırılıb. 2008-ci il dekabrın 1-dən isə Dövlət Miqrasiya Xidmətinin 3 dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən (012) 919 - Çağrı Mərkəzi yaradılıb. Bu Mərkəzin də fəaliyyəti tamamilə yenidən qurulub, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılıb.

Həmçinin Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində dərc edilən ilk mətbu nəşri – “Miqrasiya” jurnalı nəşr olunur. Jurnalda Azərbaycanın miqrasiya tarixi, miqrasiya siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi mövzularına, miqrasiya prosedur qaydalarına geniş yer verilir.

Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 4 iyun 2010-cu il tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat sistemi haqqında Əsasnamə”yə uyğun olaraq miqrasiya sahəsində vahid informasiya sistemi – Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) və onun “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılan məlumat-axtarış sistemi” və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri ilə inteqrasiyası təmin olunub. VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradıb.

Bildirilib ki, son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilən Azərbaycanda qalma müddətinə müvafiq olaraq təkcə bu ilin 9 ayında 547.123 nəfər olduğu yer üzrə qeydiyyata alınıb. Bununla yanaşı Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 79.049 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Sonra iştirakçıları maraqlandıran suallar Xidmətin məsul əməkdaşları tərəfindən cavablandırılıb.

Quba rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov iştirakçılar adından tədbirin təşkilinə görə minnətdarlıq edib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur