Dövlət Miqrasiya Xidmətində Litva Respublikasının ölkəmizdəki səfiri ilə görüş olub
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri Valdas Lastauskasla görüşüb.
Ölkələrimiz arasında miqrasiya sahəsində əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi görüşdə F.Nəbiyev Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində respublikamızın ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.
Xidmət rəisi müxtəlif vaxtlarda Azərbaycan və Litva Hökumətləri arasında ayrı-ayrı sahələrə dair imzalanmış Sazişlərin strateji tərəfdaşlığın mövcud ənənələrini möhkəmləndirməyə və yenilərini yaratmağa imkan verdiyini qeyd edib.
F.Nəbiyev ölkəmizdə vətəndaşlıq məsələlərini tənzimləyən qanunvericilik aktlarına edilmiş dəyişikliklər barədə danışıb. İkili vətəndaşlığın geniş xarakterli hüquqlar vəd etməsinə baxmayaraq, həm dövlətçilik, həm də şəxsi öhdəliklər nöqteyi-nəzərindən kifayət qədər məsuliyyət yaratdığına görə Azərbaycan qanunvericiliyində bunun nəzərə alındığını deyib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin dövlət tərəfindən tənzimlənməsinin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən söhbət açan Xidmət rəisi bildirib ki, effektiv fəaliyyət göstərən Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edilir.
F.Nəbiyev miqrantların öz hüquqlarını həyata keçirmələri üçün hər cür şəraitin yaradılması, əmək ehtiyatlarından düzgün və faydalı istifadə olunması, tənzimlənməyən miqrasiya proseslərinin qarşısının alınması və neqativ təsirinin aradan qaldırılması ilə bağlı Azərbaycan təcrübəsindən bəhs edib.
Bu günkü görüşdə iki ölkə arasında vətəndaşlıq, viza və qeydiyyat məsələləri ətrafında aparılan müzakirələrin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub.
Səfir Valdas Lastauskas də iki ölkə arasında mövcud münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib və bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərdiyini bildirib.
Diplomat Azərbaycan icmasının təmsil etdiyi ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında yaxından iştirak etdiyini məmnuniyyətlə qeyd edib.
Görüşdə Azərbaycanla Litva arasında miqrasiya sahəsində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.