newsPhoto

Dövlət Miqrasiya Xidməti Beyləqan və Füzuli rayonlarında maarifləndirmə tədbirləri keçirib  

Şirvan regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Beyləqanda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzusunda rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin, aidiyyəti dövlət qurumlarının, təhsil, səhiyyə işçilərinin iştirakı ilə geniş maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud icazələrin müddətlərinin uzadılması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı çoxşaxəli işlər barədə danışılıb. Maarifləndirmə tədbirində qeyd olunub ki, Dövlәt Miqrasiya Xidmәtinin vәtәndaşlıq mәsәlәlәrindә iştirakı Azәrbaycan Prezidentinin 2008­-ci il 6 mart tarixli Fәrmanına müvafiq olaraq tәmin edilib. Həmçinin Azərbaycan Respublikası Prezdentinin 2015-ci il 11 fevral tarixli Fərmanına əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək də bilavasitə DMX-nin vəzifəsi kimi müəyyən olunub.

Görüşdә vәtәndaşsızlıq hallarının aradan qaldırılması ilә bağlı ölkәmizdә görülmüş işlәrә dә nәzәr salınıb. Azәrbaycan Prezidentinin müvafiq sәrәncamları ilә 2008­-ci ildәn indiyәdәk 1682 nәfәrin Azәrbaycan vәtәndaşlığına qәbul  və bərpa edildiyi bildirilib. Bununla belә, bu müddәt әrzindә 61 min 473 şәxsin Azәrbaycan Respublikası vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib.

Füzuli Dövlət Dram Teatrında keçirilən maarifləndirmə tədbirində miqrasiya qanunvericiliyi barədə ətraflı söhbət açılıb. Bildirilib ki, Dövlət Miqrasiya Xidməti miqrasiya qanunvericiliyinin tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, miqrasiya proseslərinin mənfi təsirinin aradan qaldırılmasını və qeyri-qanuni miqrasiyaya qarşı səmərəli mübarizə tədbirlərini müvəffəqiyyətlə həyata keçirir.

Qeyd olunub ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) elektron xidmətlər vasitəsi ilə və ya şəxsən regional miqrasiya idarələrinə təqdim etməlidir.

Görüşdə həmçinin İnzibati Xətalar Məcəlləsindəki yeniliklər haqqında da izahedici söhbət aparılıb. Qeyd olunub ki, əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycanda olması, yaşaması və ya respublika ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin  Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilirlər. Həmçinin,  əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş vətəndaşları da onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə gözləyir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasında olma, yaşama və ya tranzitlə keçmə qaydalarını pozduqlarına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilirlər.

Sonda suallar cavablandırılıb.

İştirakçılar bu cür tədbirlərin təşkilindən razı qaldıqlarını bildiriblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur