newsPhoto

  Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasının yüksək səviyyəli görüşündə iştirak planlaşdırılır  

 

Sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşündə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

BMT-nin Baş Assambleyası prezidentinin sədrlik edəcəyi görüşün keçirilməsində məqsəd qeyd edilən sahədə daha humanist və əlaqələndirilmiş yanaşmanın formalaşdırılması üçün ölkələrin bir araya gətirilməsidir.

Plenar iclas və altı interaktiv dəyirmi masa formatında keçiriləcək görüşdə bir sıra dövlət və hökumət başçılarının, nazirlərin, elmi-tədqiqat mərkəzlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı gözlənilir.

Dəyirmi masalarda böyük qaçqın axınlarının aradan qaldırılması; miqrasiya, xüsusilə böyük miqrant axınlarının səbəblərinin aradan qaldırılması və miqrantların verdiyi müsbət töhfələrin vurğulanması kimi vacib məsələlər müzakirə olunacaq.

Tədbirdə Azərbaycan nümayəndə heyəti rəhbərinin çıxışı nəzərdə tutulur.

Sözügedən tədbir zamanı müzakirələrin yekunu olaraq iştirakçılar tərəfindən Bəyannamənin qəbul edilməsi nəzərdə tutulur.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur