newsPhoto

Viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətləri məlumatlandırılıb

“17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının Azərbaycan Respublikasında keçiriləcək final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin bu il fevralın 16-da imzaladığı sərəncamın 6-cı bəndinə əsasən qeyd olunan tədbirlə bağlı ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat verilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə edilib.

Qeyd olunan məsələlərlə əlaqədar Dövlət Miqrasiya Xidmətində aviaşirkət nümayəndələri ilə görüş keçirilib. Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının Azərbaycan Respublikasında keçiriləcək final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər:

 

1.    Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

2.  Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;

3.   17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Sözügedən idman yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərdə viza almaq üçün müraciət edə bilərlər:

 

-     Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş şəxslər - 2016-cı il aprelin 1-dən iyunun 1-dək;

-    17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri - 2016-cı il aprelin 20-dən mayın 25-dək;

-   Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər, habelə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet əldə etmiş şəxslər - 2016-cı il mayın 1-dən 25-dək. 

       Görüşdə iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur