newsPhoto

Martın 18-də Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib  

Andiçmə mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə yaşadan, Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramının və milli-mənəvi dəyərlərə dərin bağlılığının nümunəsi olan Novruz bayramı ərəfəsində imzaladığı sərəncamları ilə vətəndaşlığa qəbul və bərpa edilmiş  şəxsləri təbrik  edib.

F.Nəbiyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına uyğun olaraq regionun lider dövlətinə çevrilmiş Azərbaycanda son illərdə həyata keçirilən islahatlar nəticəsində əldə edilən uğurlardan söhbət açıb. Beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi sabitliyin yüksək səviyyədə təmin olunduğu, multikultural dəyərlərin hakim olduğu, tolerantlıq nümunəsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi və mədəni mühitinə verdiyi töhfələrdən bəhs edib. Hər zaman insan hüquqlarından gen-bol danışılan Avropada yaşanan miqrant böhranı, xarici müdaxilə nəticəsində yurd-yuvasından didərgin düşən insanlara qarşı qeyri insani rəftar fonunda ölkəmizdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaradılmış şəraitdən geniş söhbət açıb. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində 1 milyondan çox soydaşımızın məcburi miqranta çevrildiyini, gənc müstəqil ölkəmizin bu böyük yükü təkbaşına qarşıladığını, həmin şəxslərin sosial, mənzil, məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində fundamental tədbirlər görüldüyünü konkret faktlarla diqqətə çatdırıb. İkilistandartaların qloballaşan dünyanın siyasi, iqtisadi, hətta mədəni mühitinə ciddi zərbələr vurduğu qeyd olunub. Xidmət rəisi bildirib ki, amma ölkəmizdəki siyasi sabitlik, mövcud təhlükəsizlik mühitinin yaradılması, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər,  həmçinin respublikamızın geosiyasi mövqeyi, tranzit imkanlarının genişliyi, millətlərin və xalqların, ayrı-ayrı dinlərin nümayəndələrinin, dillərin daşıyıcılarının bir yerdə dinc yanaşı yaşaması, dünyada baş verən iqtisadi böhrana baxmayaraq Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsində respublikamızın inkişaf sürətinin davam etdirilməsi kimi amillər xaricdə ölkəmizə böyük maraq yaradıb. Elə bu sadalananlar Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə Azərbaycan Respublikasının vətəndaşı olmaq istəyənlərin sayının ildən-ilə artmasına, həmçinin vaxtilə respublikanı tərk edib, digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 6 mart 2008-ci il tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Həmin dövrdən etibarən Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş vəsatət, sorğu və müraciətlərin araşdırılması işini həyata keçirməkdədir. Görüşdə vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı ölkəmizdə görülmüş işlərə də nəzər salınıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 1434 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildiyi bildirilib. Bununla belə, bu müddət ərzində 36 min 467 şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

Xidmət rəisi bu gün Azərbaycan Respublikasının vətəndaşı olmaq kimi şərəfə nail olanlarla görüşün həm Novruz bayramı, həm Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü, həmçinin miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsinə təsadüf etməsinin də əhəmiyyətini qeyd edib.

Sonra vətəndaşlığa qəbul edilmiş 147 və bərpa edilmiş 5 şəxs təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə and içiblər.

Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a  30 dekabr 2014-cü il tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən keçirilir. Xatırladaq ki, and içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanılır.

Tədbir Dövlət Himninin ifası ilə yekunlaşıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur