newsPhoto

  Dövlət Miqrasiya Xidməti Şabranda maarifləndirmə tədbiri keçirib  

 

Tədbir Dövlət Miqrasiya Xidmətinin yaradılmasının ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına əsasən Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Şabran və ətarf rayonlarda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə təşkil olunub.

Regional miqrasiya idarəsinin və  Xidmətin aparatının səlahiyyətli nümayəndələri görüş iştirakçılarına Azərbaycanın miqrasiya qanunvericiliyi barədə geniş məlumat veriblər. Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlər haqqında ətraflı söhbət açılıb. Bildirilib ki, ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqlarının dövlət tərəfindən qorunması üçün respublika ərazisində olmaqlarını və yaşamalarını mütləq leqallaşdırmalıdırlar. Çünki, onların Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri və ölkənin miqrasiya qanunvericiliyinə riayət olunması həmin şəxsləri sonradan baş verə biləcək hər hansı təhlükədən müdafiə etməyə hüquqi əsas yaradır. Ən əsası isə odur ki, hər kəs Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşmalıdır.

Görüşdə bu il martın 1-dən qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsindəki yeniliklər haqqında da izahedici söhbət aparılıb. Qeyd olunub ki, əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycanda olması, yaşaması və ya respublika ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin  Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilirlər. Həmçinin,  əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş vətəndaşları da onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə gözləyir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasında olma, yaşama və ya tranzitlə keçmə qaydalarını pozduqlarına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilirlər.

Sonra vətəndaşlıq məslələri ilə bağlı məruzə təqdim olunub. İkili vətəndaşlıqla bağlı suala cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna 2014-cü il 30 may tarixli dəyişikliklər əsasında yeni redaksiyada verilmiş qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Və xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsilə Xarici İşlər Nazirliyinə yazılı məlumat verməlidir.

İştirakçılar görüşə görə minnətdarlıqlarını bildiriblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur