newsPhoto

Dövlət Miqrasiya Xidməti ali məktəblərin əcnəbi tələbələri ilə görüşlər təşkil edib  

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü ərəfəsində respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Bakı Dövlət Universitetində Xidmətin səlahiyyətli əməkdaşlarının iştirakı ilə əcnəbi tələbələrlə təşkil olunmuş görüşdə əvvəlcə Xidmətin funksyaları haqqında iştirakçılara geniş məlumat verilib. Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi ilə bağlı yeniliklərdən bəhs edilib. Dünyanın müxtəlif dövlətlərindən olan əcnəbi tələbələrə müvafiq hüquqi sənədlərin tənzimlədiyi miqrasiya sahəsi üzrə sadələşdirilmiş prosedurlar izah olunub. Bildirilib ki, ölkəyə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublika ərazisndə 10 gündən artıq qalmaq istədikdə 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər. Tədbirdə DMX tərəfindən təqdim olunan 11 elektron xidmətdən istifadə imkanları barədə də söhbət aparılıb.

Memarlıq və İnşaat Universitetində keçirilmiş maarifləndirmə tədbirində də Azərbaycanda miqrasiya sahəsində dövlət siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində görülən işlərə diqqət çəkilib. Görüşdə müvəqqəti və daimi yaşama icazəsi, haqqı ödənilən əmək fəaliyyəti üçün iş icazəsinin verildiyi və müddətlərin uzadıldığı hallar və müddətlər iştirakçıların diqqətinə çatdırılıb. Məlumat verilib ki, ötən il müraciətlər əsasında 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış, 53.200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilib. Ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı verilən məlumatlar da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur