newsPhoto

Dövlət Miqrasiya Xidmətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Xidmətin gözləmə zalında Xocalı soyqırımından bəhs edən foto, kitab və çap materillarından ibarət sərgiyə baxışla başlayan tədbir işini akt zalında davam etdirib. Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra DMX rəisinin birinci müavini, baş miqrasiya xidməti müşaviri Vəli Nağıyevin Xocalı soyqırımı haqqında məruzəsi dinlənilib. Bildirilib ki, XX əsrin faciəsi olan - Xocalı faciəsi terroru rəsmi dövlət siyasətinə çevirən Ermənistanın Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə qətlə yetiriblər.

 

V.Nağıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılmasına nail olublar. Dövlətimizin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq birliyin bu vandalizmə siyasi və hüquqi qiymət verməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdiyi konkret faktlarla diqqətə çatdırılıb.

 

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərə, bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımının tanınması ilə bağlı qəbul olunan qətnamələrə diqqət çəkilib.  

 

Daha sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur