newsPhoto

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndə heyəti ilə Dövlət Miqrasiya Xidmətində görüş olub  

Oktyabrın 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Proqram dəstəyi və idarəetmə şöbəsinin direktor müavini Henrik Nordentoft, Beynəlxalq himayə şöbəsi direktorunun müavini Preeta Lou, Avropa bürosunun baş məmuru Anatoliy Pujay, BMT QAK-ın Cənubi Qafqaz regionu üzrə nümayəndəliyinin rəhbəri Simone Volken və BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdsonla görüşüb.

Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın 20 ildən çoxdur ki, qaçqın və məcburu köçkün həyatı yaşadığını, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilmədiyini təəssüf hissi ilə qonaqların diqqətinə çatdırıb. Həmçinin, ikilistandartların yaratdığı fəsadlar, Avropanın üzləşdiyi miqrant problemi və miqrantların qoca qitədə rastlaşdıqları vəziyyət barədə fikirlərini bölüşüb.

F.Nəbiyev fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında quran müstəqil dövlət orqanı - DMX-nin yaradıldığı vaxtdan ölkəmizdə miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə çətinliklərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyinin artırılması istiqamətində görülmüş işlərdən bəhs edib. Ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən proseslərdə ictimaiyyətin fəallığının artırılması,  bu sahədə qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi istiqamətində görülmüş işlərə toxunan Xidmət rəisi qanunvericiliyə əsasən Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz arzusu ilə yerli şəraitə uyğunlaşdırılması istiqamətində Dövlət Miqrasiya Xidmətinin  aidiyyəti dövlət orqanları ilə birgə iş apardığını bildirib. O, Xidmətin müasir standartlara cavab verən qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyəti, həmin mərkəzlərdə yerləşdirilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış yüksək səviyyəli şərait barədə ətraflı söhbət açıb.

Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun  əhəmiyyəti nəzərə alınaraq, vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı Azərbaycan Respublikasının BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulduğunu deyən F.Nəbiyev vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq  işlər görüldüyünü açıqlayıb.

Azərbaycanda sığınacaq axtaran şəxslərə əlavə himayənin tətbiq edilməsi, “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistem­lə­rinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsinin ikinci mərhələsi, eləcə də sığınacaq məsələləri sahəsində qanunvericilik bazasının inkişafı, habelə əlavə və dəyişikliklərin edilməsi istiqamətində əməkdaşlıq məsələlərinin də müzakirə olunduğu görüşdə F.Nəbiyev ölkəmizdə sığınacaq axtaran şəxslərin problemlərinə hər za­man operativ reaksiya verildiyini, Dövlət Miqrasiya Xidməti tərəfindən on­la­rın həssas qrupa aid olduqlarının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb, BMT QAK-la bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Preeta Lou təmsil etdikləri qurumun Cənubi Qafqaz regionunda fəaliyəti və gördüyü işlərlə yaxından tanışlıq məqsədilə gerçəkləşdirilən səfər zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mandatına daxil olan məsələlər barədə məlumat əldə etmək üçün yüksək hökumət rəsmləri ilə keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur