newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi BMT QAK-ın Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərini qəbul edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev 20 oktyabr 2015-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul edib.

Qonaqları səmimi salamlayan Xidmət rəisi iki qurum arasında qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirib. F.Nəbiyev Azərbaycanda həyata keçirilən uğurlu miqrasiya siyasətindən bəhs edərək hazırda bir sıra dünya ölkələrində qaçqınlarla bağlı mövcud durumdan və Avropa ölkələrinə üz tutan miqrantlara qarşı nümayiş olunan təzyiqlərdən narahatlığını ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Daq Siqurdson Azərbaycan ilə qarşılıqlı əməkdaşlığa daim maraqlı olduqlarını söyləyib və ölkəmizdə miqrasiya prosesləri ilə bağlı həyata keçirilən islahatları müsbət dəyərləndirib. O, qarşılıqlı əməkdaşlıq şəraitinin davamlılığına və birgə uğurlara nail olunacağına əminliyini bildirib.

Görüşdə 2016-cı ildə vətəndaşsızlıq məsələləri ilə bağlı əməkdaşlıq, birgə məlumatanlandırma kompaniyası və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım, Azərbaycanın vətəndaşsızlıq hallarının aradan qaldırılması üzrə qlobal kompaniyasına töhfəsi, eləcə də sığınacaq məsələləri sahəsində qanunvericilik bazasının inkişafı, habelə əlavə və dəyişikliklərin edilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur