İyunun 11-də Dövlət Miqrasiya Xidmətində Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüş olmuşdur

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev  əvvəlcə Azərbaycanla Pakistan arasında dostluq münasibətlərinə toxunmuşdur. Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Pakistan İslam Respublikasının hər zaman Azərbaycanın haqq işini dəstəkləməsini minnətdarlıq hissi ilə qeyd etmişdir. 

 

F.Nəbiyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə olunmuş nailiyyətlərin, sosial-iqtisadi tərəqqinin, sabitliyin, təhlükəsizliyin ölkəmizi əcnəbilər üçün  daha da cəlbedici etdiyinə diqqət çəkmişdir. DMX-nın rəisi Azərbaycana səfər edənlər arasında Pakistan İslam Respublikası vətəndaşlarının da çoxluq təşkil etməsini xüsusi vurğulamışdır. Bu da öz növbəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkələrimiz arasında əməkdaşlığa verilən böyük önəmin nümunəsi kimi qiymətləndirilmişdir.

 

Xidmət rəisi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində öz əksini tapmış müvafiq prosedurların - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqinin sadələşdirilməsindən  söhbət açmışdır.

 

Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser səmimi qəbula görə təşəkkürünü bildirmişdir. Diplomat son illər Azərbaycanda aparılan quruculuq işlərindən söhbət açmış, təmsil etdiyi ölkənin vətəndaşlarının respublikamıza artan marağından danışmışdır.

 

Görüşdə Azərbaycana səfər edən Pakistan vətəndaşları ilə bağlı bəzi məqamlarla, həmçinin gələcəkdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur