10 iyun 2014-cü ildə Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüşmüşdür

Dövlət Miqrasiya Xidmətində keçirilmiş görüşdə Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxsləri təbrik etmişdir.

 

Xidmət rəisi bildirmişdir ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf strategiyasına uyğun olaraq dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi həyatı durmadan inkişaf edir, xalqımızın rifahı gündən-günə yaxşılaşır. Bu sürətli inkişafı nəinki hər bir vətəndaş öz gündəlik həyatında hiss edir, hətta bu tərəqqi xaricdən də aydın görünür. Elə bunun nəticəsidir ki, Azərbaycan Respublikasında yaşamaq, işləmək, təhsil almaq, ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı ildən-ilə artmaqdadır.

 

F.Nəbiyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə bu  gün 111 əcnəbi və vətəndaşlığı olmayan şəxs  Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş, 2 nəfər isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunmuşdur.  Daha sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin siyahısı oxunmuşdur. Xidmət rəisi Milli Qurtuluş günü ərəfəsində ikiqat bayram sevinci yaşayan Azərbaycan vətəndaşılığına qəbul və bərpa edilmiş şəxslərə dövlətimizə layiqli vətəndaş olmaqlarını arzulamışdır. 

 

Görüş iştirakçıları bu böyük etimada görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmiş, Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını bildirmişlər.

 

Tədbir dövlət himninin ifası ilə yekunlaşmışdır.

 

Xatırladaq ki, ötən il ərzində 231 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş, 10 nəfər isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunmuşdur.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur