Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında  20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

 

Öncə Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Sonra Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev 20 yanvar faciəsi ilə bağlı çıxış etmişdir. Bildirmişdir ki, 20 yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı ilin 19-20 yanvar tarixlərində irticaya xidmət edən silahlı birləşmələrin qeyri-qanuni olaraq Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədilmiş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşlər.

 

Qeyd olunmuşdur ki, qanlı yanvar faciəsi hərtərəfli, əhatəli və dolğun qiymətini məhz dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə almışdır. Azərbaycanın müstəqilliyinin əbədiliyi uğrunda xilaskarlıq missiyasını yerinə yetirən Ulu öndər Heydər Əliyev uğurlu siyasəti ilə dünyanın diqqətini Azərbaycan həqiqətlərinə, başımıza gətirilən faciələrə yönəltmişdir. Faktların dili ilə əsil həqiqət beynəlxalq ictimaiyyətə açıqlanmışdır. Son on ildə bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi istiqamətində davamlı addımların atıldığı vurğulanmışdır.

 

Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş “Qanlı yanvar” sənədli filmi nümayiş etdirilmiş, kitab, foto və rəsm əsərlərindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.

 

Xidmətin şəxsi heyəti şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüşlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur