18 dekabr Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilmişdir

18 dekabr 2013-cü il tarixdə “Fairmont” otelinin Üzeyir Hacıbəyov zalında Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilmişdir.

 

Tədbirin keçirilməsinin məqsədi Azərbaycanda miqrantların hüquqlarının təmin olunması sahəsində fəaliyyət göstərən hökumət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbər nümayəndələrini bir araya gətirmək və effektiv müzakirələrin aparılması olmuşdur.

 

Tədbirdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Dövlət Miqarsiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin Rəhbər əvəzi Serhan Aktoprak, BMqT-nin Cenevrədəki Baş Qərargahından Əməliyyatlar və Fövqəladə Hallar Departamentinin idarə rəisi Peter Van Der Auveraert, Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər üzrə idarə rəsinin müavini Seymur Mərdəliyev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdir müavini Telman Məmmədov, həmçinin digər nazirliklərin və QHT-lərin nümayəndələri iştirak etmişlər.

 

Tədbiri giriş sözü ilə Serhan Aktoprak açaraq 2000-ci ildən etibarən, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə hər il 18 dekabr Beynəlxalq Miqrant günü kimi qeyd olunduğunu söyləmiş, BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrindən danışmışdır.

 

Azərbaycanın qloballaşan dünyanın tərkib hissəsi olduğunu bildirən Ombudsman Elmira Süleymanova ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş tədbirləri, bu istiqamətdə yeni təsisatların yaradılmasının əhəmiyyətini, eləcə də Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlandığı mərkəzdə keçirdiyi görüşləri diqqətə çatdırmış, orda yaşayan insanların qidalanmasının, onların hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində olduğunu vurğulamışdır.

 

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrant Günü ilə bağlı keçirilən tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış və Azərbaycan Respublikasında  miqrasiyanın vəziyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan müstəqilliyinin ilk illərindən miqrasiya problemləri ilə üzləşmişdir. Ermənistanın Azərbaycan  torpaqlarına təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımız öz doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişlər. Onların əksəriyyəti respublikamızın ərazisinə miqrasiya edərək müxtəlif bölgələrdə məskunlaşmışlar.

 

Ötən dövr ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində əvvəllər xarici ölkələrə üz tutmuş azərbaycanlıların ölkəyə qayıtdıqlarını vurğulayan P. Musayev hazırda ölkədə çoxlu sayda əcnəbilərin çalışdığını qeyd etmişdir. Bildirmişdir ki, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin bey­nəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanun­ların tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadə hallarının, tən­zim­lən­məyən miqrasiya proseslərinin neqativ təsirinin ara­dan qaldırılması, Azər­bay­can Respublikasının milli təhlükəsizliyinin və sa­bit sosial-iqtisadi, demoqrafik inki­şafının təşkili Dövlət Miqrasiya Xid­mə­ti­nin prioritet vəzifələrindəndir. Cari il avqustun 1-dən Miqrasiya Məcəlləsinin qüvvəyə mindiyini diqqətə çatdıran Xidmət rəisinin müavini bu sahədə vahid sənəd olan Məcəllənin hazırlandığı zaman Beynəlxalq Miqrasiya Təşkilatının, QHT-lərin tövsiyələrinin nəzərə alındığını bildirmişdir.

 

Həmçinin tədbirdə Seymur Mərdəliyev və Telman Məmmədov məruzə ilə çıxış edərək Xarici İşlər Nazirliyinin, eləcə də  Nazirlər Kabinetinin miqrantların hüquqlarının müdafiəsi sahəsində BMqT ilə qarşılıqlı əməkdaşlıq əsasında həyata keçirilmiş olduqları tədbirlərdən danışmışlar.

 

Sonra Azərbaycan Respublikasında qaçqın statusu almış Həmid Sabiri ölkədə ona göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, xalqına, Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə, beynəlxalq təşkilatlara, əfqan icmasının nümayəndələrinə minnətdarlığını bildirmişdir.

 

Sonda Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş fotosərgi nümayiş olunmuşdur. Qonaqlar müstəqil Azərbaycanın inkişafını, eləcə də ölkəmizdə yaşayan, təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin cəmiyyətə inteqrasiyasını əks etdirən fotosərgiyə maraqla tamaşa etmişlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur