Tvinninq layihəsi çərçivəsində IV komponent üzrə görüş keçirilmişdir
18-22 noyabr 2013-cü il tarixlərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya İdarəsində “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Qiymətləndirmə: kommunikasiya landşaftının tutuşdurulması” mövzusunda IV komponent üzrə görüş keçirilmişdir.
Görüşdə Dövlət Miqrasiya Xidmətinin bir sıra idarələrinin rəhbər şəxsləri və əməkdaşları, həmçinin Niderland Krallığının İmmiqrasiya və Naturalizasiya Xidmətindən və Repatriasiya və Geriqaytarma Xidmətindən dəvət olunmuş ekspertlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə layihə rəhbərləri açaraq Tvinninq layihəsinin əhəmiyyətindən, Xidmət əməkdaşlarının peşəkarlığının artırılmasına öz töhfəsini verəcəyindən danışmışlar.
Sonra Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin strukturu, məqsədləri, iş planları və gördüyü işlərlə bağlı təqdimat nümayiş olunmuş, həmçinin ictimaiyyətlə əlaqələrin daha təkmil metodlarla qurulması, məlumatlandırma və maarifləndirmə kampaniyalarının aparılması bacarıqlarının artırılması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, 2013-2015-ci illəri əhatə edən bu layihədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland, digər tərəfdaş ölkələr isə Latviya və Rumıniyadır.
Ümumilikdə, layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının peşəkar inkişafı üçün təlim-tədris metodlarının təkmilləşdirilməsi və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması istiqamətdə 4 komponent üzrə seminarlar və təlimlər keçiriləcəkdir.