Dövlət Miqrasiya Xidmətində maarifləndirmə tədbiri keçirilmişdir

Ötən həftə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində ölkədə fəaliyyət göstərən 30-dan artıq mehmanxananın nümayəndələri ilə görüş keçirilmişdir. Görüşün əsas məqsədi Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilərin 3 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı istirakçıları maarifləndirmək olmuşdur.

 

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəhbər vəzifəli şəxsləri ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmasının vacibliyindən danışmış, prosedur qaydaları barədə iştirakçılara ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, əcnəbilər ölkəyə gəldiyi zaman daha çox mehmanxanalarda qalırlar. Bu baxımdan mehmanxanaların əcnəbiləri qəbul edən tərəf kimi onların olduğu yer üzrə qeydiyyata alınmasında yaxından iştirak etmələri görüş iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasına gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması ölkədə ictimai asayişin, təhlükəsizliyin, əhalinin sağlamlığının qorunmasına xidmət edir.

 

Sonra yaşayış və olduğu yer üzrə qeydiyyat alt sisteminin mehmanxana modulunun ilkin təqdimatı keçirilmişdir. Vurğulanmışdır ki, yaxın zamanda mehmanxanalarda tətbiq ediləcək sistemin əsas məqsədi mehmanxanaya gələn əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması prosedurunu daha da asanlaşdırmaq və sadələşdirməkdir.

 

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur