Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Tvinninq layihəsi çərçivəsində növbəti tədbiri keçirilmişdir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Tvinninq layihəsi çərçivəsində “Qanunsuz miqrantların aşkarlanması və onların qayıdışı” mövzusunda seminar təşkil edilmişdir. Seminar Rumıniya Respublikasının Baş İmmiqrasiya Müfəttişliyi və Niderland Krallığının Təhlükəsizlik və Ədliyyə Nazirliyinin Repatriasiya və Geriqayıtma Xidmətindən dəvət olunmuş ekspertlərin iştirakı ilə həyata keçirilmişdir. Seminarda Dövlət Miqrasiya Xidmətinin müxtəlif idarələrindən dəvət olunan əməkdaşlarla yanaşı, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sərhəd Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri də iştirak etmişlər.

 

Tədbir çərçivəsində iştirakçılar ekspertlərin təqdimatları əsasında Rumıniyada və Niderlandda qanunsuz miqrantların aşkarlanması, könüllü və məcburi qayıdış, saxta nigahların və qanunsuz əmək miqrantlarının aşkarlanması prosedurları və praktikası ilə tanış olmuş, bu sahədə qurumlararası əməkdaşlıq istiqamətlərini öyrənmiş, “dəyirmi masa” müzakirələri və fikir mübadiləsi aparmışlar. Sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

 

Qeyd edək ki, tədbir Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” adlı Tvinninq layihəsi üzrə həyata keçirilmişdir. 2013-2015-ci illəri əhatə edən layihədə Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland, digər tərəfdaş ölkələr isə Latviya və Rumıniyadır. Hazırda layihənin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur