Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielseni və Repatriasiya və Geriqaytarma Xidmətinin baş direktoru xanım Rodia Maası qəbul etmişdir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Niderland Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielseni və Krallığın Təhlükəsizlik və Ədliyyə Nazirliyinin Repatriasiya və Geriqaytarma Xidmətinin baş direktoru xanım Rodia Maası qəbul etmişdir.

 

Robert Jan Qabrielseni ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edən Firudin Nəbiyev Dövlət Miqrasiya Xidməti ilə Niderland Krallığının Repatriasiya və Geriqaytarma Xidməti arasında mövcud olan əlaqələrin və əməkdaşların peşə hazırlıqlarının artırılmasında birgə həyata keçirilən Tvinninq layihəsinin əhəmiyyətindən bəhs etmişdir. Bildirmişdir ki, Tvinninq layihəsi, eləcə də müxtəlif səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi iki qurum arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirir.

 

Səmimi qəbula görə Xidmət rəisinə təşəkkür edən səfir Robert Jan Qabrielse ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətindəki fəaliyyəti və gələcək əməkdaşlığın perspektivləri barədə danışmışdır. Səfir yaxın zamanda ikitərəfli əməkdaşlıq əlaqələrinin ətraflı müzakirə edilməsi üçün yenidən görüşməyi təklif etmişdir.

 

Görüşdə iştirak edən xanım Rodia Maas qurumlar arasındakı əməkdaşlıqdan məmnun olduğunu söyləmiş, Tvinninq layihəsinin hazırki nəticələrini yüksək qiymətləndirmişdir. Xanım Rodia Maas bu layihənin Xidmətin inkişafına öz müsbət töhfəsini verəcəyini bildirmişdir.

 

Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin iştirakı ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” adlı Tvinninq layihəsinin 3-cü Rəhbərlik görüşü keçirilmişdir.

 

Görüşdə layihənin Avropa İttifaqından tərəfdaş ölkələri olan Niderland, Latviya və Rumıniyadan nümayəndələr, həmçinin layihə və komponent rəhbərləri, eləcə də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Azərbaycanda TAİEX, TVİNNİNQ və SİGMA əməliyyatlarının tətbiqi üzrə layihə ofisinin, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları iştirak etmişlər.

 

Qonaqları salamlayan Pərviz Musayev Xidmət əməkdaşlarının peşəkarlıqlarının artırılmasında layihənin önəmini vurğulamış, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

 

Görüş zamanı layihə çərçivəsində  son 3 ay ərzində həyata keçirilmiş tədbirlər və əldə olunan nəticələr müsbət qiymətləndirilmiş, Avropa İttifaqı tərəfindən keçirilmiş monitorinq nəticəsində hazırlanmış hesabat və növbəti rübdə həyata keçiriləcək tədbirlər  müzakirə olunmuşdur.

 

Qeyd edək ki, hazırda layihənin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur