Dövlət Miqrasiya Xidmətinin rəisi Latviya Daxili İşlər Nazirliyi Miqrasiya və Vətəndaşlıq Məsələləri İdarəsinin nümayəndə heyətini qəbul etmişdir
Sentyabrın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Latviya Respublikası Daxili İşlər Nazirliyi Miqrasiya və Vətəndaşlıq Məsələləri İdarəsinin rəisi Vilnis Yekabsonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə xidmət rəisi F.Nəbiyev qonaqlara Dövlət Miqrasiya Ximətinin yaranma tarixi, fəaliyyət istiqamətləri, miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən, ölkə ərazisində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən danışmışdır. Həmçinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin qəbulu və miqrasiya sahəsində tətbiq edilən yeniliklər barədə qonaqlara ətraflı məlumat vermişdir.
F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, ATƏT, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirmişdir.
Miqrantların hüquqlarının müdafiəsinin təmin olunması sahəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən əməkdaşlığın həyata keçirildiyini bildirən Xidmət rəisi, bu sahədə müəyyən təcrübə mübadiləsinin əldə olunması məqsədi ilə beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan layihə və tədbirlərdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının yaxından iştirak etdiyini də diqqətə çatdırmışdır.
Söhbət zamanı xidmət rəisi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara geniş məlumat vermiş və bildirmişdir ki, Prezident cənab İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur və aparılan uğurlu diplomatiya nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar.
Xidmət rəisinə səmimi qəbula, ətraflı məlumata görə dərin təşəkkürünü bildirən və görüşdən məmnunluğunu vurğulayan cənab Vilnis Yekabsons səfərin Avropa İttifaqının Tvinninq tədris layihəsinin gedişatını və əldə edilmiş nailiyyətləri müzakirə etmək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin miqrasiya məsələlərinin həlli sahəsində həyata keçirdiyi fəaliyyətlə tanış olmaq, iki dövlətin Miqrasiya xidmətləri arasında gələcək əməkdaşlığın inkişafına dair məsələləri müzakirə etmək məqsədi daşıdığını qeyd etmişdir. O, həmçinin öz çıxışında gələcəkdə də hər iki qurum arasında işgüzar əlaqələrin davam etdirilməsinə əminliyini bildirmişdir. Latviyada yaşayan azərbaycanlılardan söhbət açan V.Yekabsons soydaşlarımızın ölkədə miqrasiya qaydalarına ciddi riayət etdiklərini də etiraf etmişdir.
Görüş Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə Latviya Daxili İşlər Nazirliyi Miqrasiya və Vətəndaşlıq Məsələləri İdarəsinin nümayəndə heyəti arasında davam etdirilmişdir. Görüşdə Miqrasiya proseslərinin tənzimlənməsi və yeni qəbul olunmuş Miqrasiya Məcəlləsinin ayrı-ayrı maddələri üzrə fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.
Səfər zamanı qonaqlar DMX-nın Təlim-tədris mərkəzində, Bakı Şəhər Regional Miqrasiya İdarəsində, Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzində olmuşlar. Həmçinin qonaqlar Dövlət Miqrasiya Xidmətinin inzibati binasını da gəzmiş, Xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olmuş, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxmış və xatirə kitabına ürək sözlərini yazmış