Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Xidmətdə könüllü əsaslarla işləyən gənclərlə görüşmüşdür

13 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev könüllü əsaslarla Xidmətdə işləyən gənclərlə görüşmüşdür.

F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, strukturu, fəaliyyət istiqamətləri barədə məlumat vermiş, miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən, ölkə ərazisində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən danışmışdır. Həmçinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin qəbulu və miqrasiya sahəsində tətbiq edilən yeniliklər barədə də ətraflı məlumat vermişdir.

Cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi yüksək qayğıdan söhbət açan F.Nəbiyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərin dövlətimizin qayğısı ilə yüksək səviyyədə əhatə olunduğunu bildirmişdir.

Cənab Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının genişlənməsi üçün bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmasını bir daha diqqətə çatdıran F.Nəbiyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində könüllü kimi iyul ayının 17-dən sentyabrın 17-nə kimi işləyib müqavilə öhdəliklərini başa vuran gənclərin bu müddətdə fəaliyyətlərini də qiymətləndirmişdir. Qeyd etmişdir ki, könüllü kimi fəaliyyət göstərən 27 nəfər gənc əməkdaşlar Xidmətdəki təcrübə zamanı yüksək intizamlılıq, xoşrəftarlılıq, ünsiyyətçilik, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq, kompüter bacarığı və digər yüksək keyfiyyətlər nümayiş etdirmişlər.

Xidmət rəisi cənab F.Nəbiyev könüllü kimi 2 aya yaxın müddətdə Dövlət Miqrasiya Xidmətində fəaliyyət göstərən hər bir gəncə sonrakı iş fəaliyyətlərində uğurlar arzulamışdır. Sonda Xidmət rəisi tərəfindən 2 ay müddətində işləyib müqavilə öhdəliklərini başa vuran gənclərin hər birinə xüsusi diplom və xasiyyətnamələr verilmiş, həmçinin xatirə şəkli çəkilmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur