Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Tvinninq layihəsi çərçivəsində növbəti tədbiri keçirilmişdir

12-15 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Didaktik bacarıqların artırılması” üzrə seminar təşkil edilmişdir. 2013-2015-ci illəri əhatə edən layihədə Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland Krallığı, Latviya və Rumıniyadır.

 

Seminar Niderland Krallığının İmmiqrasiya və Naturalizasiya Xidmətinin Təlim Mərkəzinin ekspertlərinin iştirakı ilə həyata keçirilmişdir. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin bir sıra idarələrinin rəhbərləri iştirak etmişlər. Seminarın əsas məqsədi Dövlət Miqrasiya Xidmətinin idarə rəhbərlərinə didaktika bacarıqları ilə bağlı ətraflı məlumatın verilməsi, təlim-tədris sahəsində təcrübə mübadiləsinin aparılması olmuşdur.

 

Tədbir çərçivəsində iştirakçılar təlim-tədris sahəsində mövcud olan müxtəlif  modul və metodlarla tanış olmuş, dəyirmi masa müzakirələri aparmışlar. Sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

 

Ümumilikdə, layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının peşəkar inkişafı üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması istiqamətdə 4 komponent üzrə seminarlar və təlimlər keçiriləcəkdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur