Dövlət Miqrasiya Xidmətinin rəisi Gürcüstan Respublikasının ölkəmizdəki səfirini qəbul etmişdir

21 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Gürcüstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul etmişdir.

 

Qonağı səmimi salamlayan Xidmət rəisi cənab F.Nəbiyev ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, Dövlət Miqrasiya Xidmətinın yaranması, fəaliyyəti, qarşıya qoyulan məqsədlər və qısa müddət ərzində görülmüş işlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat vermişdir. Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, ölkənin Miqrasiya Məcəlləsinin qəbulu haqqında bəhs edən Xidmət rəisi bildirmişdir ki, Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir.

 

Səmimi qəbula görə təşəkkür edən səfir T. Şaraşenidze Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. Səfir ölkədə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı tətbiq edilən yeni qaydaları yüksək qiymətləndirmiş və bunun Azərbaycana təşrif buyuran əcnəbilərin rahatlığı üçün böyük töhfə olduğunu söyləmişdir. Səfir həmçinin iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulamışdır.

 

Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq və miqrasiya sahəsində maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur