Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmayıl Alper Coşqunu qəbul etmişdir

5 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqunu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimi salamlayan F.Nəbiyev Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq, eləcə də iqtisadi əlaqələrinin sürətli inkişafından söhbət açaraq hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi perspektivləri haqqında danışmışdır. Xidmət rəisi həmçinin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti üzrə həyata keçirilən tədbirlər barədə məlumat vermiş, miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən, ölkə ərazisində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən bəhs etmişdir.  

Səmimi qəbula görə Dövlət Miqrasiya Xidmətinin rəisinə təşəkkürlərini bildirən səfir İsmayıl Alper Coşqun Azərbaycanda miqrasiya sahəsində dövlət nəzarəti üzrə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də ikitərəfli münasibətlərin uğurla inkişaf etdirilməsindən söz açmışdır. Səfir Azərbaycan və Türkiyə dostluğundan bəhs edərək qeyd etmişdir ki, məhz bu səbəbdən də qardaş ölkə vətəndaşları müntəzəm olaraq bir birlərinə səfərlər edirlər.

Görüşdə ölkələrimiz arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur