Dövlət Miqrasiya Xidmətinin rəisi Çin Xalq Respublikasının ölkəmizdəki səfirini qəbul etmişdir
30 may 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Çin Xalq Respublikasının(ÇXR) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan F. Nəbiyev ölkədə miqrasiya sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi, bu sahədə qanunvericiliyinin təkmilləşdirilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi və fəaliyyəti, reallaşdırılan tədbirlər və əldə edilən nailiyyətlər barədə məlumat vermişdir. Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələrinin genişləndirildiyini diqqətə çatdıran Xidmət rəisi son illər miqrasiya qanunvericiliyinin müasir standartlara uyğunlaşdırılmasının müsbət nəticələrini də qeyd etmişdir.
Öz növbəsində səmimi qəbula görə təşəkkür edən səfir X.Tsyuin ÇXR-Azərbaycan münasibətlərinin qurulmasının 20 illiyinə toxunmuş, 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin, 2005-ci və 2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ÇXR-ə səfərlərini xatırlamışdır.
Həmçinin səfir Dövlət Miqrasiya Xidmətinin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulamış və Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlıq, qanunsuz miqrasiyaya qarşı birgə əlaqələrin genişləndirilməsi və miqrasiya sahəsində maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.