Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində Tvinninq layihəsi çərçivəsində görüş keçirilmişdir

21-24 may 2013-cü il tarixlərdə Rumıniya Respublikasının Baş İmmiqrasiya Müffətişliyindən və Niderland Krallığının İmmiqrasiya və Pasportların verilməsi İdarəsindən dəvət olunmuş ekspertlərin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Qanunsuz miqrasiyanın qarşısının alınması və ona qarşı mübarizənin qiymətləndirilməsi” mövzusunda görüş təşkil olunmuşdur. Görüşdə əsas müzakirə mövzuları qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri və tətbiq olunan cari sistemin qiymətləndirilməsi, bu sahədə qurumlararası əməkdaşlıq metodları və Avropa İttifaqı üzv ölkələrdən olan Rumıniya və Niderland Krallığının təcrübəsinin öyrənilməsi olmuşdur.

Təbir çərçivəsində ekspertlər Beynəlxalq Miqrasiya Təşkilatı və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə də görüşlər keçirmişdir.

Tədbir Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti proqramı çəçivəsində maliyyələşən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” Tvinniq layihəsi çərçivəsində həyata keçirilmişdir. 2013-2015-ci illəri əhatə edən bu layihədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland, digər tərəfdaş ölkələr isə Latviya və Rumıniyadır.

Ümumilikdə, layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün təlim-tədris metodlarının təkmilləşdirilməsi və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsi məqsədilə bundan sonra da 4 istiqamət üzrə seminarların keçirilməsi, həmçinin Avropa İttifaqı ölkələrinə təlim səfərlərinin təşkili nəzərdə tutulmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur