8 Mart - Beynəlxalq Qadınlar Günüdür
“Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına, eyni zamanda, gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik...”
Heydər ƏLİYEV,
8 Mart 1997-ci il
Qadınsız həyatı təsəvvür etmək mümkün deyil. Onlar mehriban, əziz analar, qayğıkeş bacılar, həyat yoldaşlarıdırlar.
Bu gün Azərbaycan qadınları ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, kişilərlə bərabər yer tutur, onlardan heç də geri qalmırlar.
Ölkənin bütün hüquq-mühafizə orqanlarında olduğu kimi Azərbaycan qadınları bu gün respublikamızın miqrasiya orqanlarında nümunəvi fəaliyyət göstərirlər və kişilərlə eyni səviyyədə Vətənə, dövlətçiliyimizə sədaqətlə xidmət edirlər. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi bir il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm, təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Azərbaycan dövlətçiliyinin, iqtisadiyyatının, elminin, mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında qadınlarımızın xüsusi xidmətləri var və bu mənada, miqrasiya sahəsi də istisna təşkil etmir.
Bütün bu sadalananlar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində təşkil olunan tədbirdə bir daha qeyd edildi. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev miqrasiya orqanlarında çalışan qadınları bayram münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara öz ürək sözlərini söylədi. Cənab Firudin Nəbiyev Xidmətin bu gün əldə etdiyi nailiyyətlərdə miqrasiya orqanlarında çalışan qadınların xüsusi əməyinin olduğunu qeyd etdi və onların ölkəmizin miqrasiya sahəsinin inkişafı istiqamətində apardıqları işlərini yüksək qiymətləndirdi. Xidmət rəisi xüsusilə qeyd etdi ki, qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar. Firudin Nəbiyev can sağlığının və sağlam fikrin, sağlam əqidənin insan üçün geniş anlayış olduğunu bildirərək, bir daha 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Xidmətin bütün xanım heyətinə uzun ömür, ailə səadəti, daima gözəl, təravətli olmağı arzuladı və xidməti fəaliyyətlərində onlara yeni-yeni uğurlar dilədi.
Sonda rəhbərlik adından Dövlət Miqrasiya Xidmətində çalışan qadınların hər birinə qızılgüllər və hədiyyə təqdim olundu.