Qaçqın statusu almaq istəyən iki əfqanıstanlı gənc öz ailə səadətinə Azərbaycanda qovuşdular

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti fəaliyyətə başladığı gündən daima insan hüquq və azadlıqlarına hörmətlə yanaşır. Xidmət ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılmasını qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edir, qeyd edilən şəxslərin yerli şəraitə uyğunlaşmalarına, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalarına köməklik göstərir. Bu sahədə görülən işlərdən biri də qaçqın statusu ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş şəxslərin müraciətlərinin araşdırılması və onlara köməklik göstərilməsidir. Xidmət daima bu kateqoriyadan olan şəxslərə həssaslıqla yanaşır və onların mövcud problemlərinin həllinə çalışır.

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qaçqın statusunun alınması ilə bağlı müraciət etmiş və Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində könüllü olaraq yerləşdirilmiş Əfqanıstan vətəndaşları: - 26 yaşlı Həmid Sabiri və 24 yaşlı Leyli Bəxşi ailə qurmaq istədiklərini, lakin maddi vəziyyətlərinin buna imkan vermədiklərini bildirmişlər.

 

4 ildən artıq bir müddətdə bir-birini sevən əfqanlı gənclərin öz ölkələrini tərk etmələrinə səbəb onların ailə qurmaq istəyinin valideynləri tərəfindən etirazla qarşılanması olmuşdur. Gənclər razılığı olmadığı halda qızın ailəsi tərəfindən imkanlı, eləcə də ailəli  şəxsə ərə verilməsi ilə barışmamış və onlar Azərbaycan Respublikasına pənah gətirmişlər.

 

28 fevral 2013-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin Kürdəxanıda fəaliyyət göstərən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində gənclərin istəkləri nəzərə alınmaqla onlara kəbin mərasimi təşkil edilmişdir.

 

Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul əməkdaşı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri, Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi, Azərbaycandakı Əfqan icmasının rəhbəri və digər şəxslər iştirak etmişlər.

 

Kəbin mərasimində iştirak edən qonaqlar Dövlət Miqrasiya Xidməti tərəfindən atılmış bu addımı müsbət qiymətləndirmiş, bunu Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də qaçqınların və onların ailə üzvlərinin hüquqlarının qorunmasının bariz nümunəsi kimi dəyərləndirmişlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur