Dövlət Miqrasiya Xidmətinin rəisi Ukraynanın Azərbaycandakı səfirini qəbul etmişdir
19 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenkonu qəbul etmişdir.
Görüşdə Xidmət rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasında Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyəti, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət” mərkəzlərində Dövlət Miqrasiya Xidməti əməkdaşlarının fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Aleksandr Mişşenko, yeni yaradılmış qurum olan Dövlət Miqrasiya Xidmətinin uğurları barədə məlumatı olduğunu bildirmiş, gələcəkdə xidmətin təcrübəsindən faydalanmağın əhəmiyyətli olacağını qeyd etmişdir.
Göruş zamanı Azərbaycan Respublikası ilə Ukraynanın aidiyyəti qurumu arasında əlaqələrin yaradılmasının zəruriliyindən danışılmış, həmçinin ölkə ərazisində yaşayan və vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyəti təsdiq edən sənədlər, sənədlərinin etibarlılıq müddəti bitmiş əcnəbilərə verilən qayıdış şəhadətnamələri, qanunsuz miqrasiyanın qarşısını almaq üçün bəzi ölkələrin miqrasiya orqanlarında fəaliyyət göstərən xüsusi istintaq-təhqiqat idarələrinin funksiyaları və sərhəd-buraxılış məntəqələrində miqrasiya orqanlarının fəaliyyəti barədə fikir mübadiləsi aparılmışdır.