Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Fransa Respublikasının ölkəmizdəki səfiri Paskal Mönyeni qəbul etmişdir
15 yanvar 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul etmişdir.
Qonağı səmimi salamlayan Xidmət rəisi, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında ikitərəfli əlaqələrin inkişafından danışmış, bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. F.Nəbiyev səfirə rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyət istiqamətləri, həmçinin ölkə ərazisində mövcud miqrasiya prosesləri barədə məlumat vermişdir. Xidmət rəisi son illərdə Azərbaycan Respublikasının əldə etdiyi iqtisadi nailiyyətlərə, siyasi sabitliyə və ölkənin geosiyasi mövqeyinə görə əcnəbilər üçün cəlbedici olduğunu, bu səbəbdən də respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında ildən-ilə artımın müşahidə edildiyini nəzərə çatdırmışdır.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Paskal Mönye görüşdən məmnunluğunu dilə gətirmişdir. Azərbaycan və Fransa əlaqələrinin hər iki ölkə Prezidenti tərəfindən yüksək səviyyədə dəstəkləndiyini diqqətə gətirən səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdir. “Bizim istəyimiz Azərbaycanı daimi olaraq möhkəm, müstəqil, tolerant və dünyəvi görməkdir” - deyə bildirən Paskal Mönye Dövlət Miqrasiya Xidməti ilə Fransa Respublikasının İmmiqrasiya, İnteqrasiya, Milli Kimlik və Həmrəy İnkişaf Nazirliyi arasında İşçi Qrupunun yaradılması təklifini irəli sürmüş, ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır.